"Dambrauskasla "Omoniya"da işləməyim "Sabah"da da mənə çox kömək edir" - MÜSAHİBƏ

13:47 - 21 Oktyabr 2025

"Sabah"ın futbolçusu Velko Simiç Sportal.az saytına müsahibə verib.

- “Sabah" "Zirə" ilə matçda 3:0 hesabı ilə qalib gəldi. Görüşün sizin üçün əla alındığını demək olar? Yəqin ki, bu cür hesabı özünüz də gözləmirdiniz?

Matç bizim üçün çox yaxşı keçdi. İlk dəqiqələrdən biz yüksək səviyyədə oynadıq. İntensiv futbol oynamağı bacardıq. Şübhəsiz ki, biz qələbəyə layiq idik.

- Bu matçda dubl etməyi bacardın. Öz performansından razı qaldın? 

Qol vurmaq və komandanın qalib gəlməsinə kömək etmək həmişə xoşdur. Buna görə xoşbəxtəm. Təbii ki, meydana “Sabah”a kömək etmək üçün çıxmışdım. Şadam ki, bunu alındıra bildim.

- Demək olar ki, yavaş-yavaş "Sabah"a və Azərbaycan Premyer Liqasına adaptasiya olursan? Adaptasiya prosesi asan alındı, yoxsa çətin?

Təbii ki, daimi olaraq komandaya xeyir verməyə çalışıram. Adaptasiya prosesi asan idi. Yaxşı kollektivimiz var və hamımız birlikdə uğurlu nəticə üçün mübarizə aparırıq.

- Müqavilə ilə "Sivasspor"a məxsussan və "Sabah"da icarə əsasında oynayacaqsan. Hər şey səni razı salarsa, "Sabah"da qalmağı düşünürsən?

- Hazırda “Sabah”da hər şeyi bəyənirəm. Hələ də “Sivasspor”la müqaviləm qüvvədədir. Görək gələn yay necə olacaq. Amma hələlik Bakıda yaşamaq çox xoşuma gəlir.

- Valdas Dambrauskasla əvvəllər "Omoniya"da işləmisən. Onunla işbirliyinə bələd olmağın "Sabah"dakı karyerana necə təsir edir?

Əvvəllər Dambrauskasla “Omoniya”da işləməyim mənə “Sabah”da da çox kömək edir. Biz bir-birimizi yaxşı tanıyırıq. Onun oyun tərzi mənə çox uyğundur. 

- Necə düşünürsən, "Sabah" çempionluq uğrunda mübarizədə yer ala bilər, yoxsa, "Qarabağ"la mübarizə aparmaq çox çətindir?

Biz addım-addım irəliləmək istəyirik. Ardıcıl oyunlarda qalib gələ biləcəyimizi sübut etməliyik. “Qarabağ” əla komandadır. Amma bu futboldur və hər kəsin xəyal qurmağa haqqı var.

- Növbəti turda rəqib "Araz-Naxçıvan"dır. Həmin görüşdə qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən?

"Araz-Naxçıvan" da yaxşı rəqibdir. Çətin oyun olacaq. Biz öz oyunumuzu oynamalıyıq, belə olan halda şansımız daha böyükdür.

Mirbağırağa
 

Xəbər xətti