Rəşad Sadıqov: "Futbolumuza o qədər lazımsız əcnəbi məşqçilər gəlib ki"

17:06 - 20 Mart 2026

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 25-ci turunun "Karvan-Yevlax"la matçından sonra maraqlı fikirlər səsləndirib.

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis azərbaycanlı və əcnəbi məşqçilərə olan münasibətdən danışıb. Sadıqov bir çox klub rəhbərlərinin yerli mütəxəssislərə güvənmədiyini və əcnəbilərlə çalışmaq istədiklərini deyib:

"Ayxan Abbasovla "Sumqayıt" kubokun finalına çıxıb, Premyer Liqada 3-cü yeri tutub, Samir Abasovla avrokuboklara vəsiqə qazanıb. Elmar Baxşıyev, Aftandil Hacıyev, Adil Şükürov... Məşqçi həyatı elədir ki, bu gün işləyirsən, sabah yox. Zidan neçə ildir işsizdir? Qurban Qurbanov elə komandada olardı ki, iki ildən bir komandasını dəyişərdi. Məşqçi işi fərqlidir. Ola bilər ki, mən 5 il işləməyim. Bir çox klub rəhbərləri əcnəbi məşqçi ilə işləməyə üstünlük verir. Qurtardı getdi. Məsələ ustalıqla bağlı deyil. Kiminsə kimdənsə güclü və ya zəif olduğunu düşünmürəm. İllər boyu bizdə əcnəbi məşqçilərə həvəs olub. Yerliləri kiçik büdcə olanda gətirirlər. Hansı klubda imkanlar genişdir, klub rəhbərləri daha çox əcnəbi məşqçiyə üstünlük veriblər.

Bu bu günün tendensiyası deyil. 20 ildən çoxdur ki, bizim futbolda belədir. Əvvəl milli komandada olurdu, sonra klublarda. Sonra görüldü ki, əcnəbi məşqçilər effekt vermir, ondan sonra azərbaycanlı məşqçilərə şans verildi. İndi isə yavaş-yavaş tendensiya dəyişməyə başlayır. Ona bilər klub rəhbərləri üçün əcnəbilərlə işləmək daha komfortludur. Bilmirəm səbəbi nədir. Bunu klub rəhbərlərindən soruşmaq lazımdır. Sadaladığım 6-7 məşqçi var ki, heç kimdən zəif deyil. Eyni büdcə, eyni imkanlar verilsə, daha fərqli olar. Samir Abasov "Neftçi" ilə çempion olub, Elmar Baxşıyev "Qəbələ" ilə kuboku qazanıb, Sənan Qurbanov iki dəfə kubokun qalibi olub.

Yerli məşqçilər əcnəbilərdən geri qalmır. Milli komandada da dərhal effektini gördük. Azərbaycanlı məşqçi ilə milli o cür çətin oyunlarda layiqli oyun göstərdi. Məncə, öz məşqçilərimizi sevək, hörmət edək. Futbolçu olmuşam, indi məşqçiyəm. Futbolumuzda son illərdə ən çox inkişaf edən mövqe məşqçi mövqeyidir. Futbolçularımız olə bilər ki, Rusiya, Türkiyə futbolçuları ilə rəqabət apara bilməsin, amma məşqçilərimiz teoriyada, praktikada heç kimdən geri qalmaz. Hamı Qvardiola kimi deyil ki, bir yerdən çıxan kimi dərhal başqa yerdə çalışsın. Məşqçilər var ki, pauza götürür. Bu, normal prosesdir. Milli komandaya baş məşqçi, futbolçu legioner olub, amma əsas idarə edəcək adam heç vaxt əcnəbi olmayıb. Bu təfəkkür bizdə həmişə olub. Əcnəbi, əcnəbi, əcnəbi... Əcnəbi məndən yaxşıdırsa, olsun.

Bu gün sevinirəm ki, çempionatımızda Valdas Dambrauskas, Yuri Vernidub, Kurban Berdiyev, Kaxaber Tsxadadze kimi məşqçilər var. Onlarla görüşəndə deyirəm ki, sevinirəm ki, bizim çempionatda işləyirsiz. Biz bunlardan öyrənəcəyik. Onların Azərbaycan futboluna faydası olacaq. Amma illər boyu futbolumuza o qədər lazımsız əcnəbi məşqçilər gəlib ki... Heç bir məsuliyyət də daşımırlar. Həmişə tənqid olunan yerli futbolçular və məşqçilərdir".

Xəbər xətti