Səhv etdiklərini bildirdilər
6 noyabr 2014-cü il tarixində Fransada fəaliyyət göstərən "L'Equipe” qəzetində Azərbaycan Respublikasının "Qarabağ” futbol klubu ilə əlaqədar təhrif edilmiş məlumatın verildiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən məsələnin araşdırılması və lazımi tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Fransadakı Səfirliyinə təlimat verillib.
Sportal.az xəbər verir ki, bu haqda jurnalistlərə açıqlamasında Xarici Işlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyevbildirib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi tərəfindən bu narahatlıq doğuran məsələ qəzetin baş redaktoru Fabrice Jouhaudun qarşısında qaldırılıb. Qəzetin baş redaktoru Fabrice Jouhaud bu məsələnin təəssüfedici səhv olduğunu etiraf edərək, Azərbaycan cəmiyyəti və "Qarabağ” futbol klubunun azarkeşləri tərəfindən həssaslıqla qarşılanan bu yazıya görə üzr istəmiş və səhvin aradan götürüldüyünü bildirmişdir.
Qeyd edək ki, Fransanın "L'Equipe” qəzetində "Qarabağ” klubu Ermənistan komandası kimi təqdim edilib.