İtaliya mətbuatı: ""Qarabağ" bütün dünyanın rəğbətini qazandı"

14:30 - 18 Dekabr 2014

Yazı dərc olunub

 

İtaliyanın “La Reppublica” qəzetinin saytında Ağdamın “Qarabağ” futbol klubunun Avroliqada İtaliya “İnter”i ilə keçirdiyi son oyunda hakimin ədalətsizliyindən bəhs edən yazı yerləşdirilib.

 
Sportal.az AzərTac-a istinadən xəbər verir ki. yazıda "Qarabağ"ın hakimin ədalətsizliyi ilə üzləşdiyi qeyd olunub: “Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini yaşayan Ağdam şəhərinin “Qarabağ” klubu son matçında İtaliyanın “İnter” klubu ilə qarşılaşmada hakimin ədalətsizliyi ilə üzləşdi. Acı taleyi olan “Qarabağ” dünyada ruhlar şəhəri kimi tanınan Ağdamın ən önəmli rəmzlərindəndir”.

 

Məqalədə Ağdam şəhərinin 1990-cı illərdə ermənilər tərəfindən işğal olunaraq dağıntılara məruz qalması qeyd edilib. Bildirilib ki, “Qarabağ” klubunun oyunçuları uzun illərdir məşqlərini doğma meydançadan kənarda – Bakıda keçirməli olurlar. Klub azərbaycanlı qaçqın və məcburi köçkünlərin rəmzinə çevrilib.

 

Müəllif diqqətə çatdırıb ki, futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda İtaliyanın “İnter” komandasını qəbul edən Azərbaycan çempionu “Qarabağ”ın oyunun 94-cü dəqiqəsində vurduğu qolun hesaba alınmaması təkcə azərbaycanlı futbolsevərlər tərəfindən yox, bütün idman ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb: “Klubun vitse-prezidenti Tahir Gözəl UEFA-ya şikayət məktubu ünvanlayıb. Klub haqlı olaraq bu məsələnin araşdırılmasını tələb edir. Dünyanın müxtəlif ölkələrindən, o cümlədən İtaliyadan olan futbolsevərlər də “Qarabağ”ı dəstəkləyirlər. “Qarabağ” son matçında növbəti uğuruna imza ata bilməsə də, bütün dünyanın rəğbətini qazandı”.

Xəbər xətti