"Hər kəs "Qarabağ"ın tam fərqli klub olduğunu söylədi"
"Qarabağ"da mövsümlərarası dönəmdə bir sıra islahatlar oldu.
Sportal.az xəbər verir ki, Ağdam klubu bir neçə futbolçu ilə yollarını ayırarkən eyni zamanda sıralarına yeni oyunçular qatdı.
Bundan əlavə komandanın tibbi heyətində də dəyişiklik olub. Belə ki, tibbi personala yeni fizioterapevt-osteopatoloq daxil edilib. Osman Aydoğdu Belçika vətəndaşı olan türkiyəlidir. 36 yaşlı mütəxəssis ixtisası üzrə Belçikada təhsil alıb, Fransada dərəcə alıb, Avropada bir sıra təkmilləşdirmə kurslarında iştirak edib.
Futbol sahəsində "Standard" da (Belçika) fizioterapevt kimi işə başlayan Aydoğdu, Seneqal millisində, Fransanın aşağı yaş qruplarında, eyni zamanda fərdi osteopatoloq kimi Musa Sou, Demba Ba, Önder Turacı kimi futbolçularla çalışıb.
Ötən mövsüm isə "Trabzospor"da eyni vəzifəni yerinə yetirən Osman Aydoğdu artıq "Qarabağ"da bu funksiyanı yerinə yetirəcək. Aydoğdu klub saytına təəssüratlarını bölüşüb: "Qarabağ" kimi kluba gədiyimə görə xoşbəxtəm. Təbii ki, bu komandadan təklif alanda yetərincə araşdırma apardım. Hər kəs "Qarabağ"ın tam fərqli klub olduğunu söylədi. "Qarabağ"ın daim iddialı, yüksək hədəflərinin olması da xoş amildir. Bir neçə gündür buradayam. Çox səmimi və ailə mühiti olan komandadır. Sanki, neçə ildir buradayam. Avropada dünyaya göz açmışam. Son mövsüm "Trabzonsor"da çalışmağımı nəzərə almasaq, demək olar ki, daim "köhnə qitə"də olmuşam. Azərbaycanı heç görmədim. Amma bir türk olaraq Azərbaycanın doğmalığını bilirəm. Bu hissləri artıq yaşayıram. Təbii ki, mənim məqsədim komandada mümkün olacaq zədələliləri minimum hala gətirməkdir. Bunun üçün sistemli çalışmaq çox önəmlidir. Bu sahə yeni olsa da, getdikcə idmanın xüsusilə futbolun ayrılmaz hissəsinə çevrilir. Bütün hədəflərimiz bu istiqamətdədir. Komandamızda bu sahənin inkişafı üçün hər şeyi edəcəyəm. Türkiyədə fizioterapevt yetişdirmə üzrə xüsusi seminarlar keçirirəm. İstərdim ki, Azərbaycanda çalışdığım müddətdə bu sahə üzrə bir neçə gənci yetişdirim. İnşallah, tərəfdaşlığımız hər 2 tərəf üçün xeyirli-uğurlu olar".