Püşk sabah atılacaq
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə evdə "Seltik"lə 0:0 bərabərə qalaraq turnirlə vidalaşan "Qarabağ" mübarizəni Avropa Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin Avropa Liqasının pley-off mərhələsindəki 22 potensial rəqibindən 9-u artıq müəyyənləşib.
Həmin komandalar "Qarabağ" kimi Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran klublardır. Ağdam təmsilçisi püşk zamanı səpələnməmişlər səbətində yer alacaq ki, bu da komandamızı nisbətən güclü rəqiblə üz-üzə qoyacaq.
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bunlardır: "Ayaks" (Hollandiya), "Zalsburq" (Avstriya), "Viktoriya" (Çexiya), "Styaua" (Rumıniya), "Yanq Boyz" (İsveçrə), "Sparta" (Çexiya), "Fənərbaxça" (Türkiyə), "Panatinaikos" (Yunanıstan), "Lex" (Poznan).
Bu komandalar Azərbaycanın Avropa Liqasındakı digər iki təmsilçisi "İnter" və "Qəbələ"yə də rəqib ola bilər. Bunun üçün "İnter" bu gün "Atletik"i, "Qəbələ" isə "Apollon"u mübarizədən kənarlaşdırmalıdır.
Avropa Liqasının pley-off mərhələsində 44 komanda iştirak edəcək ki, bunlardan 29-u III təsnifat mərhələsinin qalibləri olacaq. Digər 15 klub isə Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran klublardır.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkü sabah atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
saytlarin hazirlanmasi