"Qarabağ"da 3 yubiley

18:28 - 6 Avqust 2015

Sadıqov 40-a çatdı
 
"Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində "Seltik”ə qarşı keçirdiyi cavab oyunu bir neçə futbolçu üçün əlamətdar olub.
 
Sportal.az xəbər verir ki, Şotlandiya çempionu ilə qarşılaşma 3 futbolçunun yubileyinə səbəb olub. 
 
"Qarabağ”ın kapitanı Rəşad Sadıqov Ağdam klubunun heyətində yubiley – 40-cı avrokubok matçını keçirib. Ağdam təsmilçisinə qədər "Neftçi”də 18, Türkiyə "Kayserispor”unda 5 qitə miqyaslı klub turnirlərinin oyununa çıxan 33 yaşlı müdafiəçi kapitanı olduğu "Qarabağ”da 40 oyun həddinə 2 müxtəlif turnirin cəmində çatıb. Çempionlar Liqasında 6-cı dəfə ağdamlıların formasını geyən arxa xətt oyunçusu Avropa Liqasında da 34 görüş keçirib. Sadıqovun Avropa Liqasında 3 qol vurduğunu da qeyd edək.
 
Üstəlik, ağdamlıların dayaq yarımmüdafiəçisi Qara Qarayev avrokuboklarda 30-cu matçını keçirib. Bosniya və Hersoqovinadan olan qapıçı İbrahim Şehiç isə Çempionlar Liqasında 10-cu qarşılaşmasına çıxıb.

Xəbər xətti