"Qarabağ" Xocalı faciəsini yad etdi FOTO

18:43 - 26 Fevral 2016

Tahir Gözəl klubun bazasını ziyarət etdi
 
"Qarabağ" Futbol Klubu daim milli-mənəvi dəyərlərə xüsusi həssaslıqla yanaşıb. Ölkə və dünyada cəmiyyətin həyatında baş verən olaylara biganə qalmayan klub bu dəfə də ənənəsinə sadiq qalıb. Bütün məqamlarda komandanın yanında olan "Qarabağ" Futbol Klubunun vitse-prezidenti Tahir Gözəl bu dəfə də xüsusi diqqəti ilə yadda qalıb. Məlumdur ki, 1992-ci ildə, fevralın 26-sına keçən gecə nəinki Azərbaycan eləcə də dünya tarixinə ən acımasız günlərdən biri qeydə alınıb. Erməni təcavüzkarlarının Xocalı şəhərində törətdikləri qətliam bəşər tarixinə qanlı hərflərlə düşmüşdür. İllər keçsə də xalqımız bu faciəni unutmur.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ" FK-nın vitse-prezidenti Tahir Gözəl hər il olduğu kimi bu il də analoji hadisənin qurbanlarını yad etmək üçün klub bazasını ziyarət edib. Qətliam qurbanlarının xatirəsinin yad olunmasını özünə mənəvi borc bilən başqan bu dəfə də dəyərlərimizə sadiq olduğunu nümayiş etdirib. Baş tutan görüşdə ilk olaraq faciədə ölənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Ardınca Tahir bəy 1992-ci ildə baş verən faciə haqqında danışıb. Məsələyə hər zaman olduğu kimi fərqli yöndən yanaşan başqanımız baş verən faciənin bir millətin, xalqın deyil bütün bəşəriyyətin üzüntüsünün olduğunu qeyd etdi. Tahir bəy 600-dən çox günahsız insanın qətl edilməsinə heç bir insani don geyindirməyin mümkün olmadığını bildirib. . 100-lərlə günahsız insanın qətl edilməsinin arxasında heç bir torpaq, milli inanc dayana bilməyəcəyini qeyd etdi. Xocalıda baş verənlərin insanlıq üçün utancverici olduğunu bildirdi. Xocalıda qətl edilən uşaqların sadəcə Azərbaycanın deyil bütün xalqların övladları olduğunu bildirdi. Hər birimizin öncə insan olduğunu və yaradılış qayəmizdə qan tökməyin, pislik etməyin olmadığını vurğuladı. Suriya və dünyanın başqa yerlərində tökülən insan qanlarının çox ağır olduğunu bildirib. Tahir bəy bütün dünyaya sülh, qansız, müharibəsiz həyat arzuladığını bildirib.
 

Xəbər xətti