"Buna pis nəticə deməzdim"
"Ciddi rəqibə qarşı oynadıq. Rəqib müdafiə olunub, kəskin əks-hücumlar edirdi. Bir epizodda səhv etdik və qol buraxdıq. Ancaq bir xal qazandıq. Buna pis nəticə deməzdim. Maraqlı oyun oldu. Rəqibə növbəti oyunlarda uğurlar arzulayıram. Azarkeşlərimizə bizi dəstəklədiklərinə görə təşəkkür edirəm".
Sportal.az komanda.az-a istinadən xəbər verir ki, bu sözləri Qarabağın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 23-cü turunda "İnter"lə 1:1 hesabı ilə bərabərə qaldıqları matçdan sonra deyib.
Qurban Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Futbolçuların oyundan öncə "Zirə"nin "Neftçi"ni məğlub etməsindən xəbərləri var idi?
- Çox güman ki, var idi. Buna mane olmaq mümkün deyil. Ancaq düşünmürəm ki, bu, futbolçuların oyununa təsir etsin.
- İlk bir saat ərzində qapı istiqamətinə zərbə çox az idi...
- Bu, rəqibin oyunu ilə bağlı idi. Müdafiə futbolu oynayan komandaya qarşı hücum futbolu oynamaq çətindi. Dəfələrlə demişəm, Azərbaycan çempionatında komandalar ağıllı müdafiə oluna bilirlər. Xüsusilə, bizim hücumçuları rəqib müdafiəçilər yaxşı tanıyır.
- Muarem Muaremin oyunundan razı qaldınız?
- Rəqibin müdafiə olunması bütün komandanın oyununa təsir etdi. Muarem keçən il bir müddət oynamadı. Ona hər oyun şans verirəm ki, əvvəlki formasını bərpa etsin. Ola bilsin onun oyunu o qədər də nəzərə çarpmadı.
- Qolu müdafiəçi Rəşad Sadıqov vurdu...
- Hesabda geridə idik. İtirəcək heç nəyimiz yox idi. Buna görə Rəşadı irəli xəttə çəkdik. O da fərqlənməyi bacardı. Arxada iki müdafiəçi saxlamağımız təhlükəli idi. Ancaq həmin anda 0:1 və ya 0:2 hesabı ilə uduzmağın bizim üçün fərqi yox idi.
- Rəqib açıq oyuna üstünlük versəydi, nəticə necə olardı?
- Bəlkə də qalib gələrdilər. Ancaq bildiyim bir şey var ki, bizim üçün oynamaq daha rahat olardı.
- İcraiyyə Komitəsinə namizədliyinizi vermisiz. Seçilsəz, hansısa planınız var?
- Açığı, hazırda heç bir planım yoxdu. Seçiləcəyim halda, bu haqda düşünmək olar.
saytlarin hazirlanmasi