"Məşqçi kimi ilk prinsiplərimdən biri "Zaqatala"nı Premyer Liqaya çıxarmaqdı"- MÜSAHİBƏ

17:37 - 25 Sentyabr 2022

Uzun illərdir ki, Premyer Liqada Zaqatala təmsilçisi yoxdu. Rayonun yeganə komandası olan “Zaqatala” birinci divizionda mübarizə aparır. Əslində, hər mövsüm öncəsi bu komandanın Premyer Liqada mübarizə aparmasına icazə veriləcəyi söhbətləri yayılır. Amma sonradan komanda yenə də divizionda iştirakına davam edir. Zaqatala futbolunun yetirməsi, əvvəlllər “Simurq”da çıxış etmiş və hazırda komandanın baş məşqçisi olan Rüstəm Məmmədov komandasının bugünkü durumundan söz açıb.

- Zaqatalada işləriniz necə gedir? Bu mövsümkü startdan razısız?
- Maddi məsələlərə görə bu il bir az çətindi. Limit məsələsinəortaya çıxandan mənim Üstəlik limitə düşən oyunçuları gətirmək də işimizi çətinləşdirdi. Bunun da bir neçə səbəbi var. Premyer Liqadakı klubların sayı artdı, Azərbaycanda yerli futbolçu çatışmazlığı davam edir. Perspektivli gənclərin çoxu yüksək liqa klublarının əvəzedici heyətlərinə yollandı. Bununla yanaşı "Mingəçevir", "İmişli", "Araz Naxçıvan" komandaları diviziona gəldi. Bir çox futbolçu həmin klublara da getdi. Yəni, builki kimi əziyyətli, çətin prosses keçməmişdik. İndinin özündə də futbolçu axtarışındayıq. Cavan oyunçu gətirmək istəyirik. Bununla bağlı problemlərimiz var. İki oyunu udub, ikisini uduzmuşuqsa, mövsümün gedişindən razılıq etmək doğru olmaz. Komandanın perspektivini bilirik. Bu mənada, iki oyudna uduzmaq yaxşı hal deyil. Keçən sezondakı kimi yenə də səfər matçlarında xal itiririk. Bunun da səbəbləri var. Hansı səbəbləri olduğunu deyərəm. Amma ümumilikdə, əvvəlkki və builki illəri götürsək, sezona yaxşı başlamışıq. Əvvəl daha çox xal itirirdik. Heç vaxt mövsümün 4 oyununa 6 xal yığmamışdıq. Həmişə sezonun əvvəlində uduzurduq. Bu sezon daha çox xal yığmışıq. Statistika sarıdan sevindirici haldı. Ancaq iki məğlubiyyət bizim üçün qənaətbəxş deyil. Daha yaxşı nəticələr qazana bilərdik. "Qaradağ Lökbatan"la oyunda Lökbatan stadionuna çıxanda artıq uduzmuşduq. Çünki stadion yaxşı durumda deyil və belə fikir var idi ki, ötürmə vermək olmur, qaçmaq olmur. Bu da oyunçulara təsir etdi. MOİK-lə matçda isə çox futbolçumuz zədə və digər səbəblərə görə oynamırdı. Digər səbəb deyəndə, yəni xəstə olanı, ötən mövsümdən cəzalı var idi. Oyunun gedişatında hansısa futbolçu yorulsa, onu əvəzləməkdə çətinlik çəkirik. Limitimiz var, amma daha çox 2005-2007-ci il təvəllüdlü futbolçulardı, təzə-təzə böyük futbola gəlirlər.  Onların özü üçün yaxşı təcrübə olur, amma nəticə vermək üçün bizə hələ bəs etmir.

 
- Uzun illərdir ki, “Zaqatala”ya baş məşqçilik edirsiniz. Qarşıdakı illərdə doğma komandanıza Premyer Liqada rəhbərlik etmək kimi istəyiniz var? Sizcə, bu, baş verə bilər?
- Bəli, futbolçu və məşqçi kimi karyeramın 90 faizi Zaqatala ilə bağlıdı. Özümü Zaqatala futboluna həsr etmişəm. Məşqçi kimi ilk prinsiplərimdən biri komandanı Premyer Liqaya çıxarmaqdı. Ondan sonra rəhbərlik köməyim dəyəcəyini düşünərsə, saxlamaq istəyərsə, qalıb işləyərəm. Çünki Premyer Liqada işləmək hər məşqçinin arzusudu. Digər variantlarım da olub, başqa komandalardan təklifim gəlib. Amma yaxşı və çətin gündə buranı tərk edib getmək doğru olmaz. İlk növbədə komandanı Premyer Liqaya çıxarmalıyıq. Gənc olduğum üçün daim öz üzərimdə çalışıram. İnkişaf etməyə can atıram. PRO kateqoriyasını da oxumaq fikrim var. Xeyirlisi nədirsə, o da olsun. 


 
- Stadionun ot örtüyü illərdir ki, eynidi. Bu, futbolçulara çətinlik yaradır? Dəyişdirilmək ehtimal var?
- Doğrudu, neçə ildir ki, ot örtüyü eynidi. Hiss olunur ki, ot örtüyü sıradan çıxır. Çalışırıq ki, qoruyaq. Əsas meydançada əsas komandadan başqa digər yaş qruplarının oyunlarına, məşqlərinə icazə verilmir. Köməkçi meydançamız var və daha çox ondan istifadə edilir. Onun da durumu ideal deyil. Bu da uşaq futbolu üçün də problem yaradılır. Əlbəttə, əsas meydançanın ot örtüyü dəyişdirilsə, çox yaxşı olardı. Amma hansısa dəyişiklik barədə məlumatım yoxdu. AFFA və ya Gənclər və İdman nazirliyi tərəfindən bunlar həyata keçirilir. İdmanın inkişafına fikir verilirsə, ümidvarıq ki, bizə də növbə çatar. Divizionda oynayan komandaların elə stadionları var ki, biabırçı durumdadı. Həmin stadionlarda futbol oynanılmasının tərəfdarı da deyilik. Belə meydanlarda oynadıqdan sonra bir neçə oyunçumuz sıradan çıxır. Həmin stadionlar gözümün qabağına gəlir... Onlarla müqayisədə məncə, bizim meydança divizion üçün ideadlı(gülür).

 
- Komandanın maddi durumu nə yerdədi? Futbolçuların maaşlarını ödəyə bilirsiz? 
- Bu il müəyyən paketlər ayrılıb. Məlumata əsasən büdcəmiz keçənilkindən aşağı olacaq. Bu da çox pisdi. Nəsə edə bilmərik. Əlavə hardansa gəlirimiz, sponsorumuz yoxdu. Rəhbərliyin özü dəstək olur, tanışları kömək edirlər. Demək olar ki, AFFA-nın ayırdığı büdcənin yarısı qədərini də rəhbərlik öz cibindən xərcləyir. Hələ ki, maaş almamışıq. Ancaq deyilib ki, gələn həftə olacaq. İlk aylarda belə çətinlik həmişə yaşanır. Gözləyirik, ümid edirik ki, veriləcək. Mükafatlara gəlincə, rəhbərlik buna diqqət edir. Lider komandalarla görüşlərdə Musa müəllim mükafat təyin edir və bunu öz cibindən ödəyir.

 

- Komanda ölkə kubokunda mübarizə aparmaq istəmədi. Bu, maddi məsələlərlə, yoxsa heyətin kasadlığı ilə bağlı idi? 
- Maddi məsələyə görə. Büdcə keçənilkindən aşağı düşdü, xərclərimiz artdı. Ona görə də kubokda iştirak etməmək qərarına gəldik.

- Uzun illərdir ki, birinci divizionu “balota” adlandırırlar. Əksər insanların da beynində belə fikir formalaşıb. Bəs, sizin bu barədə fikriniz necədi? 
- Nəyə görə belə deyildiyini bilmirəm. Mən belə düşünmürəm. Birinci divizionda mübarizə aparan iki klub elə yeni Premyer Liqaya yüksəldi. "Balota" adlandırılan liqada çıxış edən futbolçular arasında indi Premyer Liqa matçlarına start heyətində çıxanlar var. Birinci divizion gənc və perspektivli oyunçular üçün ideal tramplindi. İşini bacarmayan adam üçün hər yer "balota"dı. Futbol oynamaq, inkişaf etmək istəmirsənsə, divizion da, Premyer Liqa da sənin üçün eyni məna kəsb edəcək. Bir neçə il əvvəl Musa Qurbanlı birinci divizionda oynayırdı. Amma bir neçə ildi Premyer Liqada çıxış edir və indi bombardirlər sırasındadı. Yəni, onlar "balota" adlandırılan yerdən çıxıblar. Futbolçu və məşqçinin özündən çox şey asılıdı, daim inkişaf üçün çalışırsa, onun üçün hər yer yaxşıdı.


 
- Bu mövsümdən Premyer Liqada 10 komanda mübarizə aparır. Uzun illərdir ki, hər mövsüm öncəsi "Zaqatala"nın da əsas liqada oynayacağı gözlənilir. Gələn sezon bu baş verə bilər?
- Düzdü, mən də hər il eşidirəm ki, “Zaqatala” Premyer Liqaya yüksəlir. Hər halda lisenziyalaşdırmada problem yaranıb. Amma dəqiqliyi ilə bilmirəm. Təxmin edirəm ki, ilk növbədə maddi məsələlərdi. Yoxsa, bizim uşaq qruplarımız var, stadion və bazaya sahibik, pis-yaxşı komandamız da fəaliyyət göstərir. Neçə ildir ki, yüksək yerlər üçün oynayırıq. Birinci divizionda birinci yeri tutduğumuz il də olub. Ümid edirik ki, gələcəkdə yüksək liqada iştirak etməyimiz üçün hansısa qurumlar bizə dəstək olar.


 

- Əsas məsələlərdən biri də, təbii ki, uşaq futboludu. Zaqatalda uşaq futbolunun da inkişafı nə yerdədi?
- Zaqatalada çox yaxşı uşaqlar var. Bizim heyətdə 2004, 2005, 2006, 2007-ci il təvəllüdlü oyunçular oynayır. Aşağı yaş qruplarımızda da perspektivli oyunçular yer alıb. Premyer Liqadakı bütün klubların akademiyaları onları izləyir, həmin futbolçuları saxlamaq çətindi. Hər il hansısa futbolçumuzu aparmağa çalışırlar. Ancaq indi müqavilələr var deyə, onlar üçün də çətindi. Düzdü, yaxşı klubdan yaxşı təklif olarsa, onları saxlamarıq. Bütün yaş qruplar üzrə komandamız var. Bu il maddi məsələlərə görə sıxıntımız yaranıb, U-17 liqasındakı komandamız iştirakını dayandırdı. Ancaq qalan digər komandalar öz liqalarında oynayır. U-17 komandamız isə çempionatda iştirak etməsə də, məşqləri davam edir. Onlara önəm verilir, amma hər şey maddiyyata bağlananda onların inkişafına istədiyimiz kimi nəzarət edə bilmirik. Hər gün məşqlər olsa, daha yaxşıdı. Lakin həftədə maksimum 3-4 məşq keçirik. 

 

Mirbağırağa Cəfərli
 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XIII


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 

 

Xəbər xətti