Bu dəfəki layihəmiz qolbol idman növünə aid olacaq. Qolbol üç nəfərdən ibarət komandanın topu rəqib qapısına atmalı olduğu idman oyunudur. Paralimpiya Oyunlarının proqramına daxil edilən idman növü 1946-cı ildə İkinci Dünya Müharibəsi veteranlarının reabilitasiyası üçün avstriyalı Hans Lorenzen və alman Zepp Rayndle tərəfindən yaradılıb. 1976-cı ildə Torontoda Paralimpiyada debüt baş tutubsa, 1978-ci ildə isə Avstriyada ilk dünya çempionatı keçirilmişdi. Qolbolçular 1992-ci ildə Rusiyadan Paralimpiya Oyunlarının ilk iştirakçıları olub.
Meydanda üç oyunçudan ibarət iki komanda iştirak edir. Hər komandada maksimum üç əvəzedici ola bilər. Oyun dman salonunda keçirilir, döşəmədə işarələr düzbucaqlı bir sahə şəklində aparılır, mərkəzi xətt ilə iki yarıya bölünür. Hər tərəfdə isə qapı yerləşdirilir. Topların içində isə xüsusi zəng çalan detallar yerləşdirilib. Hücum edən komanda topu rəqib qapısında keçirməlidir, müdafiə olunan kollektiv isə topu qapının üstünə göndərə bilirsə, xal qazanır. Bütün oyunçular qeyri-şəffaf eynək taxır və matç səslərə əsasən oynanılır. Əslində, bu idman növü çox ölkədə geniş yayılmayıb. Amma Azərbaycanda qolbol üzrə milli komanda fəaliyyət göstərir. Lakin onlara dəstək o qədər də ürəkaçan səviyyədə deyil. Millimizin kapitanı Ağazadə Şəhruz Sportal.az saytına müsahibəsində qolbolun ölkəmizdəki durumundan danışıb.
- Öncə özünüz barədə məlumat verərdiniz...
- Ağazadə Şəhruz 1994-cü ildə İsmayıllı rayonunda doğulmuşam. Respublika üzrə 5 saylı orta məktəbi bitirib, Sumqayıt Dövlət Universitetində Politolgiya ixtisası üzrə təhsil almışam. Magistr təhsilimi isə Azərbaycan Dövlət iqtisad universitetində biznesin təşkili və idarə edilməsi üzrə bitirmişəm. Musiqiyə böyük marağım var. Maraqlarımdan biri də proqramlaşdırma sahəsidir. Təbii ki, bunlarla yanaşı bolqol idman növü ilə məşğulam. Azərbaycan millisinin kapitanıyam.
- Neçə ildir ki, qolbolla məşğulsunuz?
- 2010-cu ildən qolbolla məşğulam. Amma burada bir nüasn var. 2014-cü ildən sonra bəzi səbəblərdən dolayı qolbol dayandı. Komandaya dəstək göstərilmədi və komandamız dağıldı. Son 1-2 ildə yenidən bərpa olunub. Artıq birinci yarışımıza getmişik. Əvvəllər də yarışlara gedirdik, bunlar 2010-2014-cü illər arasında baş verib. Amma bayaq dediyim kimi, sonradan dəstək göstərilmədi deyə, komanda dağılmışdı. Bərpa olunduqdan sonra bir yarış keçirmişik.
- Başqa işlə məşğul olmursuz?
- Başqa işim yoxdur. Bir neçə sahə üzrə təhsil alsam, kurslara getsəm də, başqa işim yoxdur. İşsizlik problemi var.
- Görmə məhdudiyyətini sonradan itirmisiz, yoxsa necə?
- Görmə məhdudiyyətim lap uşaqlıqdan var. Düzü, görməyim qətiyyən yadıma gəlmir. Bu, mənə problem yaratmır. Təhsilimi də gözdənəlillər üçün nəzərdə tutulmuş xüsusi internat məktəbində almışam. Ondan sonra cəmiyyətə atılaraq universitetlər bitirmişəm. Komputerlə ciddi şəkildə məşğul oluram, texnologiyaya böyük marağım var. Bəzən məni texnoloq adlandırırlar, texnologiya mütəxəssisi də deyirlər.
- Ümumiyyətlə, futbola marağınız nə vaxtdan yaranıb?
- İdmana əvvəldən marağım var, böyük futbol azarkeşiyəm. Digər idmanlara da marağım olub. Qolbolla bir dəfə maraqlandım və bu idman növü həyatıma daxil oldu. Tək qolbol yox, idman mənim üçün böyük mədəniyyətdir, yeni dostlar qazanmaq, yeni mədəniyyətlərlə tanış olmaqdır. Qolbolun sayəsində bir neçə ölkədə olmuşam, neçə-neçə dostlar qazanmışam, nə qədər mədəniyyətlərlə tanış olmuşam. İngiltərə, Fransa, Sloveniya, Rusiya, İran, İraq və qardaş Türkiyəyə səfərlərimiz baş tutub. Hamısı da yaddaqalandır.
- Dediniz ki, komanda yenidən fəaliyyətini bərpa edib. Məşqlərinizi hər gün edirsiz?
- Xeyr, məşqlərimiz hər gün olmur. Çünki nə bunun üçün imkan var, nə də yaxşı şərait. Bazamız da yoxdur, dəstəyimiz azdır. Ona görə də, hər gün məşqə gedə bilmirik, sırf qolbola diqqət ayıra bilmirik. Buna baxmayaraq, az məşq etsək də, məşqlərimizə ciddi yanaşırıq. Həftə ərzində 2-3 dəfə yığışırıq, məşqləri edirik.
- Neçə nəfər qolbolla məşğul olur?
- Buna cavab vermək çətindir. Çünki qolbolla məşğul olmaq istəyən adam çoxdur, amma məşğul olan azdır. Bu da dəstəklə bağlı məsələdir. Çünki ortada həvəsləndirici bir şeylər yoxdur deyə, qolbola gəlmək istəyənlərin sayı azalır. Milli üzvlərini deyə bilərəm, hardasa 6-7 nəfərik .
- Azərbaycan millisi hansı durumdadır?
- Qolbol Azərbaycanda milli komanda ilə kifayətlənməkdədir. Yalnız millimiz var, klub olaraq fəaliyyətimiz yoxdur. 2014-ə qədər bir neçə turnirlərdə iştirak etmişik. Avropa çempionatı, beynəlxalq turnirlərdə oynamışıq. Komanda yenidən bərpa olunduqdan sonra ilk yarışımız mayda İraqın paytaxtı Bağdadda keçirildi. Orada çox yaxşı nəticə göstərə bilmədik. Əslində, bu, sadəcə komandanın oyuna öyrəşməsi üçün atılmış addım idi. Qarşıda bizi avqustda Niderlandda birinci Paralimpiya Avropa Oyunları tərkibində Avropa çempionatı gözləyir. Ora hazırlaşırıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq.
Mirbağırağa Cəfərli
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XXIII
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi