Belarus millisi transfer problemləri səbəbindən Danimarkaya qarşı DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oynayacağı matç üçün vaxtında yola düşə bilməyib.
Sportal.az xəbər verir ki, dünən axşam komanda avtobusla Varşavaya çatıb. Sərhədi keçdikdən sonra komanda 12 saatdan çox neytral ərazidə qalıb və Polşa nəzarət məntəqəsindən keçib.
Orada çox vaxt gözlədiklərindən Belarus Futbol Federasiyası Varşavadan Kopenhagenə çarter reysini yenidən planlaşdırmalı olub. Bu isə o deməkdir ki, Belarus milli komandasının səyahət müddəti artıq 18 saatdan çox çəkmiş olacaq. Komanda isə hələ də Varşavadan Kopenhagenə uçmayıb. Axşam saatlarında uçuşun reallaşacağı gözlənilir.
Danimarka ilə Belarus arasında oyunun 15 noyabrda Kopenhagendə keçirilməsi və Bakı vaxtı ilə 23:45-də start verilməsi planlaşdırılır. Belarus dörd oyundan sonra xal qazanmadan C qrupunda dördüncü yerdədir. Danimarka dörd oyundan 10 xalla birinci yerdədir.
