Sükunət - İslandiya məğlubiyyətinin gətirdiyi ümidsizlik

16:00 - 15 Noyabr 2025

Xeyli vaxtdan sonra milli komandamızın başına yerli məşqçinin gətirilməsi hamımızı ümidləndirmişdi. Ukrayna matçında əldə edilən bərabərlik də bu yöndə fikirdə olanlara müsbət təsir eləmişdi. Bizim futbolçuların dilini özümüzünkülərin daha yaxşı bilməsinə köklənmişdik. 

Səfərdə Fransaya faciəvi olmayan, Ukraynaya qarşı döyüşkən məğlubiyyətlər də qanqaraçılığa səbəb sayılmamışdı. Amma İslandiya məğlubiyyəti fərqli emosiyalar yaratdı. Sükunətdi, çoxlarının içində gələcəyə dair ümidsizlik baş qaldırıb yenə... 

Elə bir vəziyyətdir ki, bütün günahları nə baş məşqçi Ayxan Abbasovun ayağına yazmaq olur, nə də yeni AFFA rəhbərliyinin. Uzun illər yığılıb qalan problemlərin nəticəsidir millimizin indiki durumu. 

Amma reallıq belədir ki, günah kimin olursa-olsun, azarkeşlər millinin məğlubiyyətlərinə qəbullanmaq istəmirlər. Nə də vəziyyətin düzəlməsi üçün 5-10 il gözləyəcək hövsələ yoxdur camaatda. Bəs, necə olsun? 

Əgər nəticə uduzmaqdırsa, bu yola elə yerli mütəxəssislə davam etmək ən doğrusudur. Amma yerli məşqçi seçimlərində bacarıqlar araşdırılanda, obyektiv, dəqiq incələmə üzərindən getmək mütləqdir. 

Ayxan Abbasov keçid dövründə üzərinə düşəni elədi. Milli komanda ən azından Santuşun vaxtındakından daha diri, daha döyüşkən görsəndi. Amma İslandiya ilə oyun bizə həm də bəzi həqiqətləri göstərdi. Abbasovun təlqin etdiyi sistem "Şamaxı" üçün ideal ola bilər, amma milli komanda bu futbolla heç vaxt bundan daha yaxşı olası deyil. 

Müdafiə futbolu bizlik deyil. Bizimkilər yaxşıdan-pisdən topla davranmağı, azdan-çoxdan yaradıcı oynamağı bacarırlar. Yəni, bu futbolçularla yalnız hücumameyli oyun sisteminə üstünlük verən məşqçi effektiv ola bilər. 

Ən ideal variant Qurban Qurbanovdur. Onun bu dəvəti qəbul edib-etməyəcəyini demək çətindir. Amma yenə də AFFA buna cəhd etməlidir. İndiki şərtlərlə millimiz hələ yerində çox sayacaq. Ən yaxşı halda Millətlər Liqasında yenidən bir üst liqaya qayıdacaqlar. Bəs, sonra? 

Həmid

Xəbər xətti