"Akademiyamızın yetirməsi "Peruca"dadır, daha üç futbolçumuzu da İtaliyaya göndərəcəyik" - MÜSAHİBƏ

17:40 - 11 İyun 2023

Futbol Akademiyalarının əsas funksiyası uşaqlara futbol təlimi vermək və gələcəkdə futbolun inkişafını dəstəkləməkdir. Bu akademiyalar uşaqlara futbolun əsaslarını düzgün şəkildə öyrədərək onları texniki, taktiki, mental və fiziki cəhətdən inkişaf etdirərək növbəti səviyyələrə çatmaq üçün ən əhəmiyyətli platforma sayılır.

Azərbaycanda belə akademiyalardan biri də EFA (Europen Football Academy) Futbol Akademiyasıdır. Ölkənin uşaq futbolunda kifayət qədər tanınan və müxtəlif beynəlxalq turnirlərdə iştirak edən EFA artıq İtaliyanın "Peruca" komandası ilə əməkdaşlıq edir və azərbaycanlı yeniyetmələri klubun akademiyasına göndərir. EFA-nın meneceri Kamran Bayramov Sportal.az-a müsahibəsində bu və digər mövzularda suallara cavab verib.

- Akademiya nə vaxtdan fəaliyyət göstərir?

- "European Football Academy" 2017-ci ildən fəaliyyət göstərir. Akademiya hazırda direktor vəzifəsini icra edən Vüsal Mustafayev tərəfindən yaradılıb. Artıq altı ildən çoxdur ki, fəaliyyətdəyik.

- Siz özünüz nə vaxtdan EFA-dasınız?

- Klub yarandığı gündən buradayam. Vüsal Mustafayev klubu yaradanda birlikdə yola çıxmışdıq. Onunla futboldankənar tanışlığımız var idi.

- Akademiyanızın əsas məqsədi nədən ibarətdir və hansı işləri görürsüz?

- Klub yarandığı gündən etibarən məqsədimiz sağlam vətəndaş, eyni zamanda beynəlxalq arenada ölkəmizin adını yüksəklərə qaldıracaq futbolçular yetişdirməkdir. Bunun üçün Bakı və Sumqayıt şəhərlərində meydançalar icarəyə götürürük və beş yaşdan oğlan uşaqlarını qəbul edirik. Onlara böyük futbolun sirlərini öyrətməyə çalışırıq.

- Hansı liqalarda iştirak edir komanda?

- 2017-ci ildən etibarən AFFA-nın aşağı yaş qrupları üzrə keçirilən ölkə birinciliklərində iştirak edirik. Həmin il 2007-ci(U-11) və 2008-ci (U-10) il təvəllüdlü uşaqlarla yarışlara qatılmağa başlamışıq. Hər növbəti il bir yaş qrupu artırmaqla, hazırda U-9-dan başlayaraq U-16 liqasına qədər bütün yaş qruplarında iştirak edirik. 2023/2024 mövsümü isə bizim üçün yeni olacaq. Çünki U-17 liqasında çıxış etməyi planlaşdırırıq.

- Məşqlərinizi harada keçirsiz? 

- Milli Aviasiya Akademiyasının böyük idman kompleksini icarəyə götürmüşük. Əsas bazamız bura sayılır. Akademiya rəhbərliyinin idmana sevgisinin nəticəsidir ki, bizə orada istədiyimiz hər bir şərait yaradılıb. Gördüyümüz işlər idman ictimaiyyəti tərəfindən dəfələrlə işıqlandırılıb. Bunun da səbəbi olaraq bir çox valideynlər uşaqlarını EFA-ya gətirmək üçün müraciət edirlər. 

- Bildiyim qədərilə xarici klublara futbolçu göndərirsiz. Maraqlıdı, xarici klublarla münasibəti necə qurursuz? "Peruca"da yetirmələriniz oynayır?

- EFA olaraq təsisçilər tərəfindən təsdiq edilmiş strukturumuz mövcuddur. Bu struktur vahidlərindən biri də akademiyamızın beynəlxalq şöbəsidir. Məhz beynəlxalq şöbəyə rəhbərlik edən İdrak Rəhimov tərəfindən Avropa klubları və akademiyaları ilə əlaqələr yaradılır, görüşlər təşkil olunur. Beynəlxalq şöbəmizin EFA ilə İtaliyanın İSM akademiyası arasında əlaqə yaratmağa nail olduqdan sonra gənc futbolçularımızın İtaliya klublarına keçidi barədə razılıq əldə edildi. Məlumat üçün bildirmək istəyərdim ki, İSM akademiya İtaliyanın bir neçə klubu ilə partnyorluq müqaviləsi imzalayıb. Əsas məqsədləri də gənc və istedadlı oyunçuları həmin klublara yönəltməkdir. Bu klublardan biri "Peruca"dır. Hazırda U-17 millimizin üzvü olan, yetirməmiz Məsud Əlişanlı "Peruca"dadır, bu klubun məşqlərinə qoşulub. Növbəti futbol mövsümü başlamadan əvvəl daha üç gənc futbolçumuzu da İtaliyaya göndərməyi planlaşdırırıq.

- Klubunuzda hansı məşqçilər çalışır?

- Məşqçilərimizin UEFA lisenziyası var. Akademiyamızda iki A, bir B və üç C kateqoriyalı ilə məşqçi fəaliyyət göstərir. Bizim akademiyada maarifləndirici hissəyə çox önəm verilir. Bunun göstəricisidir ki, C kateqoriyalı məşqçilərimiz bu il B kursunu oxumağa göndəriləcəklər.

- Akademiyanız haradan maliyyələşir və sponsorun qarşınıza qoyduğu hədəf nələrdir?

- Klubumuza maddi dəstək göstərənlər futbolu sevən bir neçə iş adamıdır. Onlarla klubun siyasətinə və fəaliyyətinə qarışmamaq kimi aramızda razılaşma olub. Uşaq futbolunda nəticəyə önəm vermədiyimizi dəfələrlə qeyd etmişik. Bizim üçün son nəticə EFA yetirməsinin Avropanın hansısa klubunda uğurla çıxış edərək, eyni zamanda Azərbaycan millisinin şərəfini ləyaqətli şəkildə qorumasıdır. Bu yolda bizə dəstək olan bütün şəxslərə öz minnətdarlığımızı bildiririk. Milli Aviasiya Akademiyasının rəhbərliyi barədə yuxarıda fikrimi yazdım. Bir daha qeyd etmək istəyirəm ki, bazada məşqçilər və uşaqlar üçün hər bir şərait yaradılıb, hər cür köməklik göstərilir.

- İndiyə qədər yığma komandamıza neçə futbolçu verə bilmisiz?

- Bu günə qədər milli komandanın düşərgəsinə 10 uşaq göndərmişik. Mən U-15, U-16 və U-17 yığmalarını nəzərdə tuturam. İşləməyə də davam edirik. Ümidvaram ki, futbolçularımız daha çox olacaq və yığma komandalarımıza kömək olacaqlar.

Mirbağırağa Cəfərli           

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XXII

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 

 

Xəbər xətti