"Böyük futbolu "Qarabağ"da oynamırsansa, elə minifutbolda çıxış etmək yaxşıdır" - MÜSAHİBƏ

16:34 - 25 İyun 2023

Azərbaycan millisinin Avropa çempionluğunu qazanmasından sonra minifutbola maraq daha da çoxalmış oldu. Ölkəmizdə bu idman növündə müxtəlif turnirlər keçirilir. Onlar arasında ən çox diqqətçəkəni ölkə çempionatı və Şirkətlər Liqasıdır. Maraqlıdır ki, başa çatan mövsümdə hər iki turnirdə çempionluq yaşayan futbolçu da var. Belə ki, minifutbol aləmində hamının tanıdığı, xüsusi istedada sahib Eşqin Tağıyev "Azərsun"la Şirkətlər Liqasını, “Birbaşa”nın heyətində isə Azərbaycan çempionluğunu qazanmış oldu. Tağıyevin bu mövsümkü yeganə çempionluğu isə bununla kifayətlənməyib. O, böyük futbolda da uğur qazanıb. Region Liqasında iştirak edən "Qusar"la qızıl medallara sahib çıxan Eşqin həm bu yarışın, həm də Şirkətlər Liqasının bombardiri olub. Müsahibimiz Sportal.az saytına bu mövsümkü üç çempionluqdan, minifutbola bağlılığından danışıb. 

- "Qusar"ın heyətində Region Liqasının qalibi oldun. Halbuki, "Çinar"la matçda ilk dəqiqələrdə meydanda azlıqda qaldınız və qapınıza penalti təyin edildi. Necə oldu ki, finalda qalib gəldiniz?

- "Qusar"a pley-off matçlarında kömək olmaq üçün qoşulmuşdum. Düzü, tez bir zamanda komandaya öyrəşmək çətindir. Lakin futbolda əsas olan istəkdir. "Çinar Zəngilan"a qarşı matça gəlincə, elə oyun idi ki, meydanda 9 nəfərlə qalsaydıq da, qalib gələcəkdik. Yəni, o qədər istəkliydik. Finalda Ağaseyid Qasımov da yaxşı oynadı, penaltini dəf etdi və bu bizə daha böyük stimul verdi. Oyunun gedişatı ilk dəqiqələrdən istəmədiyimiz kimi olsa da, sonradan hər şeyi öz tərəfimizə keçirdik. Həqiqətən 10 nəfərlə oynamaq çox çətin idi. Lakin biz bacardıq.

- "Qusar" yeni mövsümdən ikinci liqada oynayacaq. Bu komandanın heyətində səni görəcəyik?

- Bəli, komanda ikinci liqada oynayacaq. Həmin komandada oynayacam. Həqiqətən "Qusar"da oynamaq xoşdur. Bu komandaya kömək edəcəyim üçün şadam.

- Səni daha çox minifutbol turnirlərindən tanıyırıq. Minifutbol çempionatında “Birbaşa”nın, Şirkətlər Liqasında “Azərsun”un aparıcı üzvüsən. Sənin üçün minifutbol daha asan, daha rahat gəlir, yoxsa böyük futbol oynamağı sevirsən?

- Minifutbol hamısından çətindir. Çünki 6/6-a oynayırlar, beşlik topdur, meydan da süni olur. Zalda top dördlükdür, çox yuxarı qalxmır. Bu cür xırda amillər var. Bütün bunlara görə, minifutbol oynamağın daha çətin olduğunu düşünürəm. 

- Bildiyim qədərilə, eyni anda həm minifutbolda, həm də böyük futbolda peşəkar səviyyədə oynamağa icazə verilmir. Bəs, maliyyə baxımından böyük futboldan yaxşı təklif gələrsə, sırf orada qalmağı planlaşdırırsan, yoxsa minfiutbol sənin üçün prioritetdir?

- Bəli, elədir, böyük futbol oynasaq, minifutbolda da çıxış etməyə icazə verilmir. Həmişə deyirəm, mənim yerim elə minifutboldur. Çünki minifutbol mənə daha çox həzz verir. Həm də bilirsiz necədir, Azərbaycanda böyük futbolu "Qarabağ"da oynamırsansa, elə minifutbolda çıxış etmək daha yaxşıdır. Region Liqa, ikinci divizionda oynayaraq böyük futbola olan həvəsini az da olsa, "öldürürsən". Maddi cəhətdən şükür Allaha vəziyyət normaldır, minifutbolda, futzalda, Region Liqasında oynayıram. Özüm də, "Azərsun"da işləyirəm. Həm işləyirəm, həm də həzz alaraq futbolumu oynayıram. 

- Hamı səni minifutbolda ən yaxşılar arasında göstərir. Amma maraqlıdır ki, milli komandada yer almırsan. Millidə olmamağının səbəbini nədə görürsən? Yəqin ki, millidə də oynamaq istəyirsən...

- Minifutbolu oynayan hamı kimi, mən də Azərbaycan millisində çıxış etməyi çox istəyirəm. Hər halda, ölkəmizi beynəlxalq arenalarda təmsil etmək niyyətindəyəm. Millimiz Avropa çempionu oldu. Bu da hamımızı çox sevindirdi. "Birbaşa"dakı komanda yoldaşlarım Elvin Əlizadə, Mirmehdi Rzayevin də bu uğurda böyük rolu oldu. Mənə gəldikdə, əlbəttə, milliyə dəvət edilməyimi istəyərdim. Amma məsləhət məşqçilər korpusunundur. Qərarlarına hörmətlə yanaşıram.

- Qarşıdakı toplanışlara, oyunlara cəlb olunacağına inanırsan? 

- Əslində, bu barədə həm düşünürəm, həm də düşünmürəm. Baş məşqçimiz Elşad Quliyevdir. Hansı qərarı versə, hörmətlə yanaşacam. Çağıracaqlar, sevə-sevə toplanışa qoşulacam, çağırmayacaqlar məşqlərimə davam edəcəm. 

- Maraqlıdır ki, "Azərsun", "Qusar" və "Birbaşa" ilə bir ildə üç çempionluq yaşadın. Uğurlu komandalarda yer almısan, yoxsa özün yer aldığın komandalara uğur qazanadırırsan?

- Şükürlər olsun ki, bu mövsüm mənim üçün yaxşı keçdi, üç çempionluq qazandım. Futbol fərdi idman növü deyil. Burada bütün kollektivin, rəhbərliyin, məşqçilər korpusunun, hamının əməyi var. Deməzdim ki, çempionluqları tək mən qazandırmışam. Bunu desəm, təkəbbürlülük olar. Komandada yer alan hamının böyük əməyi var. 

- Yəqin ki, təkcə futbolla məşğul olaraq maddi durumunu yaxşılaşdırmağın real deyil?

- Həm futbol oynayıram, həm də "Azərsun"da işləyirəm. Futboldan qazancım gəlir. Amma həvəskar futbol olduğu üçün ömrümüzün sonuna qədər oynamayacağımız aydındır. Bu, reallıqdır. Ona görə də, işləmək də lazımdır. Şükür Allaha, işim də var. 

Mirbağırağa Cəfərli           

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XXIV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 

 

Xəbər xətti