Mini futbol üzrə milli komandamızın 2022-ci ilin yayında Avropa çempionu olmasından sonra ölkəmizdə ənənəvi idman növünə maraq reaktiv sürətlə artmağa başlayıb. İstər dövlət rəhbərliyi, istərsə də adi azarkeşlər minifutbola daha çox diqqət ayırır. Federasiya da bu istiqamətdə, kütləviliyin artırıması yönündə müvafiq addımları atır. Ölkə başçısı İlham Əliyevin Avropa çempionu olan mini futbolçuları qəbul etməsi, onları mükafatlandırması isə xüsusi hadisə idi. Hökumətin idman siyasətinin prinsiplərindən olan uğur formulu mini futbolda da daha geniş formada tətbiq edilməli, Azərbaycan bu sahədə də ciddi qəbul olunmalı, sözünü dünya arenalarında deməlidir. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Bakıda təşkil edilmiş Beynəlxalq turnirə iştirakçı ölkələrin kifayət qədər iddialı heyətlə gəlməsi təsadüfi deyildi. Bu yaxınlarda öyrəndik ki, ölkəmizdə mini futbol üçün dünya standartları səviyyəsində baza tikiləcək. Ümumiyyətlə, bu istiqamətdə çoxşaxəli işlər görüləcək. Azərbaycanda minifutbola dair qarşıda dayanan hədəflər, planlar barədə daha dəqiq cavabları milli komandanın baş məşqçisi Elşad Quliyevdən öyrənmək qərarına gəldik. Yığmamıza ilk dəfə Avropa çempionluğu qazandırmış mütəxəssis bir çox maraqlı məqama aydınlıq gətirdi.
- Son turnirdə millinin çıxışından razı qaldınız? Sizcə nəyə görə yığmamız çempion ola bilmədi?
- Mənə elə gəlir ki, turnirdə yaxşı çıxış etdik. Bəzi yeni futbolçuları görmək istəyirdik. Bir də, sistemdə dəyişikliyə getmişdik. Onu yoxlamaq niyyətindəydik. Ki, bu sistemdə necə oynaya bilərik. Məncə, pis də alınmadı. Amma daha çox görüləsi işlərimiz var.
- Avropa çempionatından sonra millimiz güclənib? Sizi narahat edən hansı məqamlar oldu?
- Avropa çempionatından sonra bizim komanda daha yaxşı oynayır. Bir az son ötürmələrdə və vuruşlarda çətinliyimiz var idi. Yoxsa, belə yaxşı oynadığımızı deyə bilərəm.
- Bu turnirdə diqqətinizi çəkən hansı millilər var idi?
- Hamısı yaxşı komandalar idi. Çexiya çox mobil komandadır. Uzun illərdir ki, dünyanın ən güclüləri arasındadır. Bakıda da hamı necə komanda olduğunu gördü.
- Avropa çempionu olduqdan sonra millimizə və minifutbola münasibət daha da çoxalıb?
- Bəli, Avropa çempionu olduqdan sonra minifutbola olan diqqət yüksək səviyyədədir. Bu da bizi sevindirir.
- Yeni mövsümdən Premyer Liqa klublarının minifutbol çempionatında çıxış edəcəyi gözlənilir. Bu reallaşsa, minifutbola marağın daha da yüksəlməsinə kömək olar?
- Böyük futbol klublarının minifutbola qoşulması həm bizim, həm də xalqımız üçün çox yaxşı olardı. Kənarda qalan bir çox futbolçularımız meydanlara qayıdardı. Biz də, milli üçün daha çox seçim edərdik. Yəni, çox yaxşı addımlardır.
- Növbəti dünya çempionatı BƏƏ-də keçiriləcək. Yığma komandamızın Dubaydakı turnirdə şansları nə qədərdir?
- Azərbaycanı ən güclü minifutbol ölkəsi kimi dünyaya tanıtmaq istəyirik. Baxmayaraq ki, dünya çempionatında birinci dəfədir çıxış edəcəyik, bizim komandanı ən güclü millilər arasında görə biləcəksiniz.
- Yeni baza inşa edilməlidir. Demək olar ki, minifutbolda yeni era başlayacaq?
- Yeni baza yeni uğurlar deməkdir. Əziyyəti olan hər kəsə təşəkkür edirəm. Xalqımız üçün böyük yatırım olacaq.
- Bəzən deyirlər ki, Azərbaycandan futbolçu çıxmayıb. Amma minifutbolda uğur oldu və sübut edildi ki, azərbaycanlılar da futbol oynamağı bacarır. Bəs sizcə, niyə böyük futbolda nəticə yoxdur?
- Dünyanın bütün ölkələrindən yaxşı futbolçular çıxır. İnanıram ki, bölgələrdə futbolu inkişaf etdirsək, Azərbaycanda da dünya səviyyəli futbolçular yetişə bilər. "Qarabağ"ı misal göstərim. Orada düzgün qurulan sistem öz uğurlu nəticəsini verir. O ki qaldı, milli komandaya, böyük uğurlar qazana bilməməyimizin başlıca səbəbi kimi, yüksək səviyyəli futbolçuların azlığını göstərə bilərik.
Mirbağırağa Cəfərli
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XIX
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi