"Ölkəmizdə kaskadyor işinə dəyər verilmir" - MÜSAHİBƏ

17:09 - 28 May 2023

Kino sənətinin ən maraqlı sahələrindən biri də kaskadyorluqdur. Filmlərdə aktyorlara və aktrisalara dublyorluq edən kaskadyorlara dünya kinosunda daha çox yer verilir. Bəziləri bu sənəti sırf idman növü kimi qəbul etsələr də, bu peşə sahibləri filmlərdə daha çox rol aldıqlarına görə incəsənət nümayəndələri hesab olunurlar. Son illər Azərbaycanda da bu sahə inkişaf mərhələsinə qədəm qoyub. Budəfəki müsahibimiz Beynəlxalq "Nomad Stunts" peşəkar kaskadyorlar komandasının üzvü Sain Fərhaddır. Döyüş səhnələri üzrə xoreoqraf olan kaskadyor-aktyor Hollivudda və dünyanın bir çox ölkələrində peşəkar kursları fərqlənmə ilə bitirib, eyni zamanda xarici filmlərə çəkilib. O, "Əli və Nino", "Don Marleone", "Tomris", "RRR" və sair filmlərdə rol alıb. Sainlə söhbətimiz elə onun idmandan kaskadyorluğa keçidindən oldu.

-  İdmana gəlişiniz necə baş verib? Müxtəlif idman növləri ilə məşğul olmusuz deyəsən...

- 1985-ci ildə Bakıda dünyaya gəlmişəm. Uşaqlıqdan da döyüş səhnələri olan filmləri sevirdim. İdmana gəlişi sırf Brus Linin filmləri ilə əlaqədardır. Ondan sonra idmana marağım oyandı. Brus Linin filmlərinə baxıb motivasiya almışam. Karatenin müxtəlif növləri ilə məşğul oldum. İndi də özüm və işim üçün idmanla məşğulam.

- Bildiyim qədərilə kapoeyra ilə ilk dəfə Azərbaycanda məşğul olanlardan, bu idman növünü ölkəmizdə geniş yayılmasında səbəbkar olanlardan biri sizsiz....

- Kapoeyranı kimsə, hardansa gedib gətirməyib. Bunu Azərbaycanda öyrəniblər. Sonradan başladıq xarici ölkələrə getməyə, xarici ustalardan dərs alan ilk kapoeyraçı olmuşam. Braziliya və Türkiyənin Azərbaycandakı nümayəndəsi idim. Bu gün də tələbələrim federasiyada fəaliyyət göstərir. O vaxtı bunların reallaşması üçün risk etmək lazım idi. Vəsaitə ehtiyac duyulurdu. Gedirdim xaricə, orada kapoeyra ustaları axtarırdım. Braziliyadan Türkiyə və Ukraynaya ustalar gəlirdi, gedirdim seminarlarda iştirak edirdim. Sonra da gəlib Azərbaycandakı tələbələrimə öyrədirdim. Yəni, belə periodlardan keçmişik.

- Kapoeyranın Azərbaycanda hazırkı vəziyyəti necədir?

- Əvvəlki illərə baxanda, daha yaxşıdır. İnkişaf var. Artıq istənilən səviyyədədir. 

- Hazırda Azərbaycanda yaşayırsız? 

- Bəli, iki ildir ki, Azərbaycandayam. Son 10 ili daha çox Ukrayna və digər ölkələrdə olmuşam. Amma bu illər ərzində də vətənə gəlib-getmişəm, fəaliyyətimi də davam etdirmişəm. Lakin iki ildir ki, Azərbaycanda kino sahəsindəyəm. Çoxdandır bu işdəyəm, sadəcə 2 ildir məhz ölkəmizdə daha ciddi məşğul oluram.

- Bir çox idman növü ilə məşğul olduğunuza görə soruşuram ki, sizə daha yaxın hansı gəlir?

- Mənə daha yaxın olan növ Kyokuşinkay karate növüdür.

- Xarici ölkələrdə idmandan aktyorluğa keçid edənlər az deyil. Sizcə, bizdə niyə belə deyil? Əslində, var, amma az saydadır. Demək olar ki, idmanda daha çox gəlir var, nəinki aktyorluqda?

- Aktyorluğa idmandan gəlmişəm. Daha çox kaskadyor kimi start vermişdim. Bəzən aktyor kimi epizodik rollarda da yer alırdım. Döyüş xoreoqrafiyalarında kaskadyor kimi faəliyyət göstərmişəm. Ancaq indi akytor kimi də fəaliyyət göstərməyi qərara almışam. Əslində, bu, əvvəldən olan niyyətim idi. Bir neçə ildən sonra reallaşmağa başlayıb. Söhbət gəlirdən gedirsə, Azərbaycan kino sahəsində ağlamalı vəziyyətdir. Amma xaricdə işlədiyimiz layihələrdə çox vaxt istədiyimiz qonorarı ala bilirik.

- Hazırkı fəaliyyətiniz sırf kaskadyorluqla bağlıdır? 

- Hazırda idmanı özüm üçün edirəm. Peşəkar idmandan ayrıldıqdan sonra daha çox aktyor, kaskadyor, döyüş xoreoqrafı kimi fəaliyyət göstərirəm. 10 ilə yaxındır ki, belə davam edir.

- Bildiyim qədərilə hətta Hollivudda da kinoya çəkilmisiz... 

- Hollivudda təhsil almışam, akademiyanı fərqlənmə ilə bitirmişəm. Bir çox ölkələrdə filmlərə çəkilmişəm, Hindistandan tutmuş Qazaxıstan, Türkiyə, Rusiyaya qədər. Tomris filmində kaskadyorlar olaraq ən ali mükafat layiq görüldük. Bu da, xarici filmlərin ən yaxşı döyüş səhnələrinə görə verilmişdi. Yəni, həmin səhnələr yüksək qiymətləndirilmişdi. Son dəfə ən böyük layihə Hindistanda oldu. RRR adlı filmdə yer almışdıq. Həmin filmə görə də, bir çox mükafatları qazandıq.

- Kaskadyor kimi oynamağın hansı fəsadları var? Zədələrdən özünüzü necə sığortalayırsız?

Biz özümüzü sığortalamağa çalışırıq. Amma film studiyasından da çox şey asılıdır. Orada təhlükəsizlik hansı durumdadır, filan. Ən ağlamalı vəziyyət Azərbaycandakı film sahəsindədir. Büdcə həddən artıq az olur, ümumiyyətlə, ölkəmizdə kaskadyor işinə dəyər verilmir. Kaskadyoru terminator kimi görürlər. Bəzən heç veclərinə də deyil ki, ölər ya, qalar. O qədər də yaxşı büdcə ayrılmır deyə, problemlər çox olur. Maksimum çalışırıq ki, risklərdən qaçaq. İstənilən işimiz riskdir. Hər dəfə demək olar zədə alırıq. Birtəhər Azərbaycanda işimizə davam edirik ki, bəlkə nə vaxtsa ciddi bir şey oldu. Heyf ki, dövlət tərəfindən maraq və dəstək yoxdur. Gördüyüm işlər, əldə etdiyim nailiyyətlərin heç biri qiymətləndirilmir, dəyərləndirilmir. Zədələr var ki, daimidir, illərlə hiss edirsən. Zədələr də var ki, müvəqqətidir, tez sağaltmaq olur. Bu işi sevməsən, qala bilməzsən.

Mirbağırağa Cəfərli           

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XX

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 

 

Xəbər xətti