Azərbaycan millisinin üzvü: "Xaricdə yetəri qədər oynamışam, amma təklif gəlsə, yenə də düşünərəm" - MÜSAHİBƏ

18:29 - 7 May 2023

Azərbaycanda voleybol hərəkatı sovetlər birliyi dağılandan sonra 1990-cı illərin sonlarında mütəşəkkillik tapmağa başladı. Xüsusən, 2000-ci illərə qədər dövlətin idmanın digər sahələrinə olduğu kimi, voleybola da ciddi sərmayə yatırması, inkişaf üçün lazımi tədbirləri görməsi uğurlu nəticələrin gəlişindən xəbər verirdi. Xüsusilə qadın voleybolunda "Azərreyl"in keçdiyi uğurlu yola nəzər salmaq yetərlidir. Son dönəmlər bu sahədə müəyyən səngimələr müşahidə olunsa da, pandemiyadan sonra artıq islahatların yeni mərhələsi başlanıb. Azərbaycanda istər qadın, istərsə kişi voleyboluna maraq xeyli artıb, ölkədaxili yarışlar bir neçə formatda təşkil edilir, təmsilçilərimiz avrokuboklarda çıxış edirlər. Hələlik gedişat onu deməyə əsas verir ki, yaxın illərdə yenidən Azərbaycan voleybolunun ayaq izləri dünya arenalarında eşidilməyə başlayacaq. Kişi voleybol klublarımızdan "Murov"un da əsas məqsədi təkcə ölkədaxili yarışlarla kifayətlənmək deyil. Ardıcıl iki mövsümdür Azərbaycan çempionu olan komanda avrokuboklarda da iki mərhələ keçməyi bacarmışdı. Bu klubla mövsümü çempion başa vuran milli komandamızın üzvü Vüqar Bayramov da bizimlə söhbətdə məqsədlərinin dünya arenalarında həm klub, həm yığma səviyyəsində uğurlu nəticələr əldə etmək olduğunu bildirdi. “Azərneft”, “Sərhədçi”, “Lokomotiv”(Bakı) ilə yanaşı Bayramov ölkə xaricində “Bir Qold”(İra), “Palandöken Belediyyespor”(Türkiyə), “Cakarta Pertamina”(İndoneziya), “Əl-Nasr”(Səudiyyə Ərəbistanı), “Taraz”(Qazaxıstan) klublarında oynayıb. 

- Öncə özünüz barədə məlumat verərdiniz...
- 1992-ci il yanvarın 21-də Yevlaxda dünyaya gəlmişəm. İdmana marağım da uşaqlıqdan yaranıb. Uzun illərdir ki, elə voleybolla məşğul oluram. 

- Maraqlıdır, digər idman növlərindən hansına marağınız var? 
- Təbii ki, idmançı universal olsa, yaxşıdır. Mənim də digər idman növlərin, futbola, basketbola marağım var. Amma ən sevdiyim əlbəttə ki, voleybodur. 

- Hazırkı karyeranızdan razısız?
- Xarici klublarda oynamışam. İndi də, Azərbaycan millisində və “Murov”da çıxış edirəm. Biz ölkəmizi “Çelenc kup”da təmsil etdik. Təsnifat mərhələsində oynadıq. Uzun illərdir ki, “Murov” Azərbaycan çempionatında iştirak edir. Ötən il çempion olmuşduq. Bu mövsümü də çempion kimi başa vurduq. Həm ölkə çempionu olduq, həm də Heydər Əliyev adına keçirilən turnirdə birinci yeri tutduq. 

- Bəs avrokuboklar? Avropada da uğurlu olmaq üçün hansı addımlar atılır?
- Əslində, avrokuboklarda da pis çıxış etmədik. İki mərhələ keçməyi bacardıq. Üçüncü mərhələdə Niderlandın "Orion" klubuna uduzduq. Buna baxmayaraq, həqiqətən yaxşı çıxış etdiyimizi deyə bilərəm. Hər halda, iki mərhələdə keçdik. Sadəcə üçüncü mərhələdəki rəqib doğrudan da, güclü idi. Çalışacağıq ki, avrokuboklarda da uğurlu oynayaq. Ümidvaram ki, bu istək bizdə alınacaq.

- Azərbaycan çempionatında cəmi dörd komanda mübarizə aparır. Belədə, liqada oynamaq maraqsız deyil?
- Əlbəttə ki, yox. Özü də, bu il çempionat elə də maraqsız keçmədi. Dörd komanda çıxış edirdi. Sonradan pley-off mərhələsinə çıxdıq. Burada da üç oyunda qalib gələn tərəf finala vəsiqə qazanırdı. Biz də orada qalib gəldik. “Xarı Bülbül”lə həm ölkə çempionatının, həm də Heydər Əliyev adına keçirilən turnirdə finalında qarşılaşdıq. Hər iki görüşü 3:0 qalib başa vurduq. 


- Azərbaycandakı voleybolun durumunu necə dəyərləndirirsiniz?
- Voleybol elit idman növlərindən sayılır. Hazırda bizim voleybolda federasiya rəhbərliyində dəyişiklik oldu. Şahin Bağırov federasiyamızın yeni rəhbəridir. 

- Bu idman növünün inkişaf etməsi üçün əsas məsələlərdən biri təbii ki, uşaqların voleybola cəlb edilməsidir. Bu yöndə canlanma hiss olunur?
-Eşitdiyimə görə, gənclərlə bağlı işlərə bu ildən start veriləcək. Təbii ki, federasiya da gənclərlə bağlı işlər görəcəyk. Altyapı çox önəmli məsələdir. Gəncləri yetişdirmək əsas məsələlərdən biridir. Hər halda, onlar bizim gələcəyimizdir. Yığmamız və klublarımızda yerlilərin olması üçün gənclərə önəm verilməlidir. Bu, bütün voleybol camiəsində olanların fikirdir. 

- Yenidən ölkə xaricinə yollanmaq haqda fikrin var, yoxsa elə qalacaqsan Azərbaycanda?
- Xarici ölkələrdə yetəri qədər oynamışam. Azərbaycanı 10 ölkədə təmsil etmişəm. Əlbəttə ki, həmin ölkələrdə liqada həm daha çox, həm də güclü komandalar çoxdur. Deyərdim ki, voleybolun səviyyəsi çox yüksəkdir. Keçən il Qazaxıstanda, ondan qabaq Səudiyyə Ərəbistanında, İndoneziya, Misir, Polşa, İran, Türkiyədə legioner həyatı yaşamışam. Özü də, əməkhaqqı da yüksəkdir. Ölkə xaricində yetəri qədər oynamışam, amma təklif gəlsə, yenə də düşünürəm.

- İndi necə, yalnız voleybolla məşğulsan? Yəni hazırkı maaşın səni qane edir?
- Bəli, hazırda yalnız voleybolla məşğulam. Yəni mən peşəkar idmançıyam. Gördüyüm yeganə iş budur, başqa iş haqda düşünmürəm. Gələcəkdə necə olacağını bilmirəm.

Mirbağırağa Cəfərli           

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XVIII

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 

Xəbər xətti