Boş yerə milləti aVARa eləməyin...

16:44 - 26 Fevral 2023

Dünən Premyer Liqada növbəti sensasiya baş tutdu.

 

Bir çoxunun gözləmədiyi anda futbol ictimaiyyəti tərəfindən hətta “Qarabağ”ın çempionluq yolunda əsas rəqibi hesab edilən “Sabah” autsayderlər qrupunda qərarlaşan “Şamaxı” ilə səfər oyunundan əliboş qayıtdı.

 

Murad Musayevin yetirmələrinin xüsusilə iki ardıcıl oyunda (“bayquşlar” bundan öncə evdə “Turan Tovuz”a evdə yenilmişdi) məğlub olması xüsusilə gözlənilməz oldu.

 

Hər iki məğlubiyyətdə “Sabah” futbolçularının lazımi diqqət göstərməməsi, rəqibə ciddi yanaşmaması, lazımi şəkildə köklənməməsi və ən əsası rəqiblərinin sona kimi layiqli mübarizə aparması və həddən çox istəkli olması həlledici rol oynadı.

 

Sensasiya futbolun bir parçasıdır. Bu olmadan futboldan lazımi şəkildə həzz ala, bu oyunun həyəcanını hiss edə bilmərik.

 

Lakin təəssüf ki, Azərbaycanda bu hissləri lazımi şəkildə yaşamağımıza imkan verməyən bir qrup da var.

 

Hansı ki, ədaləti qorumaq əvəzinə insanların futbol həvəsini öldürən, futbol aclığını doydurmaq üçün ekran qarşısına keçən və ya tribunada öz yerini alaraq bu aclığa son qoymağa çalışan azarkeşin (tamaşaçının) yediyini-içdiyini burnundan gətirən kəsim.

 

Bu kəsim son oyunlarda yenə “baş roldadır”. Mövzuya “Sabah”dan başladığımız üçün elə “Sabah”la da davam edək.

 

Yox, yox, Murad Musayevin komandasının son məğlubiyyətlərində heç də rəqiblərinin əməyini kiçiltmirəm.

 

Əksinə, fikrimcə həm “Turan Tovuz”, həm də “Şamaxı” son oyunlarda özündən qat-qat güclü rəqibə qarşı layiqli mübarizə apardılar. Ən azından meydanda sərgilənən əzmə, istəyə görə bu komandalar alqış düşür.

 

Ancaq mövzu bu komandaların əzmkarlığından yox, bu cür maraqlı oyunlarda futbolçulardan çox diqqət mərkəzinə düşən hakimlərdən gedir.

 

“Sabah” əvvəlki mövsümlərdə hakimlikdən ən çox şikayət edən klublarımızdan biri olub. İnsafən, Masazır təmsilçisinin etiraz etdiyi epizodlara baxdıqda onlara haqq qazandırmamaq olmurdu.

 

Elə ötən mövsümün özündə gah “Sabah”ın aşkar penaltisi verilmirdi, gah hansısa futboçusuna qırmızı vərəqə verilirdi, gah da heç nədən penalti cəzasına məruz qalırdı.

 

Hələ bir ara çempionatda tək-tük hücum futbolu sərgiləyən komandalardan olan “bayquşlar”ın lehinə ardıcıl 30 oyundan çox penal verilmədi ki, bu özü ayrı mövzudur.

 

Hakimlər Komitəsi narazılıqların fonunda tez-tez növbəti mövsümdən tətbiq edilməyə başlayacaq VAR-a işarə edir, sanki hakimlərin video köməkçisi gələn kimi hər şeyin düzələcəyinə eyham vururdu.

 

Lakin VAR-ın tətbiqi də əvvəlki mövsümlərdə olan hakim səhvlərini aradan qaldırmadı.

 

Sadəcə, əvvəlki mövsümdə hakimlər “görmədim”,”mövqeyim yaxşı deyildi”, “gözümdən yayındı” kimi amillərlə bağlayırdılarsa, indi epizodun videotəkrarına baxdıqdan sonra səhv qərar verirlər.

 

Bayaq qeyd etdiyimiz kimi hakimlərin bu səhvləri meydanda sərgilənən gözəl oyunu, əzmkar qələbələri ikinci plana atır, insanların (oxu: azarkeşlərin) gözündən salır.

 

Elə cari mövsümün əvvəlində baş tutan, nəinki həmin dövrənin, hətta deyərdim son bir neçə mövsümün ən baxımlı oyunu olan “Qarabağ” – “Sabah” matçı məhz hakimlərin xüsusi “bacarığı” sayəsində kölgədə qaldı. Özü də məhz hakimlərin kölgəsində....

 

Təəssüf ki, “Sabah”ın son oyunlarındakı hakimlik də bu baxımdan fərqlənmir. Lakin bu hakim xətalarının önünə gah “Sabah”ın böyük hesablı qələbəsi, gah da özündən zəif rəqiblərinin heyranlıq doğuracaq sensasiyası keçir.

 

Lakin oyunları diqqətlə izləyənlərin gözündən yayınmır. Bu komandanın son 4 oyunundakı şübhəli qərarlara nəzər salaq:

 

“Sabah” – “Səbail” oyunu: Görüşün baş hakimi İnqilab Məmmədov (yuxarıda qeyd etdiyimiz qalmaqallı “Qarabağ” – “Sabah” oyununun baş hakimi) matçın 68-ci dəqiqəsində “Sabah”ın müdafiəçisi Con İrasabala sarı vərəqə göstərir.

 

Meydanın mərkəzində rəqib futbolçunu qaydalar çərçivəsindən kənar zərərsizləşdirən ispan müdafiəçinin “sarı”sı VAR-a baxıldıqdan sonra “qırmızı”ya çevrilir.

 

Halbuki İrasabal qaydanı meydanın mərkəzində pozmuşdu və rəqib hücumçuya aşkar kobudluq etməmişdi. Buna rəğmən, matçın baş hakimi VAR-a getdikdən sonra vərəqə qərarını “tündləşdirmək” qərarına gəldi.

 

Bu anda “Sabah” artıq hesabda 3:0 öndə idi. Yekun nəticədə isə komanda 4:0 hesabıyla qalib gəlir. Lakin cəzalı vəziyyətə düşən İrasabal “Sabah”ın “Qarabağ”la vacib oyununu buraxmalı olur.

 

“Qarabağ” – “Sabah” oyunu: “Qarabağ”la 3-cü dövrədə baş tutmuş oyun da hakimlik baxımından ilk dövrədəki oyunun kölgəsində qalmadı.

 

Bu dəfə matçın baş hakimi (Elçin Məsiyev) “Qarabağ”ın futbolçusu Romaonun cərimə meydançası daxilində açıq əllə oyununu penal kimi dəyərləndirməməklə diqqət mərkəzinə düşdü.

 

Maraqlıdır kii, Məsiyev eyni epizoda bəlkə də 5-6 dəqiqə baxsa da, qərar verməkdə çətinlik çəkirdi.

 

Nəhayət, qulaqcıqla kiminləsə məsləhətləşəndən sonra “penal yoxdur” qərarını verir. Halbuki həmin epizodda topun Romanonun əlində dəydiyini Suraxanıda qonşu binalardan da görmək mümkün idi.

 

“Sabah” – “Turan Tovuz” oyunu: Oyunun 24-cü dəqiqəsində Tovuz klubunun futbolçusu Piruzi Marekvalidze “Sabah”ın müdafiəçisi Bəxtiyar Həsənalızadəyə qarşı aşkar kobudluq etsə də, matçın baş hakimi Kamal Umudlu epizodu sadəcə “sarı vərəqə” kimi dəyərləndirir.

 

VAR-da əyləşmiş hakim Cavid Cəlilov isə oyunun baş hakimini videotəkrara baxmağa çağırmağa “ehtiyac görmür”.

 

Epizodun təkrarına baxdıqda isə görünür ki, Bəxtiyar ayağını son anda qaçırmasaydı, indi çox güman yaşıl meydanlara neçə ay sonra qayıdacağını hesablamaqla məşğul idi.

 

Ayağını qaçırması belə onu rəqibin butsunun zərbəsindən xilas etmir. Sadəcə, zədənin vuracağı zərəri azaldır. Lakin topa heç bir müdaxilə olmadan aşkar ayağa zərbə göz önündə idi. Lakin kimin gözündə, bəlli deyil...

 

Bu oyunun başqa bir mübahisəli epizodunda, matçın 35-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Natan Oduva Amin Seydiyevə qarşı qaydanı pozaraq topu ələ keçirir.

 

Epizodun tamamında “Turan Tovuz” penal qazanır. İlk baxışda Natanın Aminə təmas etmədiyi düşünülsə də, epizodun video təkrarında dizə aşkar təmas olduğu görünür.

 

Lakin matçın baş hakimi bu epizodda da meydan sahiblərinin əleyhinə qərar verir. Penal reallaşmadığından bu epizod da geniş müzakirə edilmədi.

 

Lakin bu epizod Murad Musayevin başında “çatladı”. Rusiyalı mütəxəssis həmişəki çılğınlığı ilə hücumun başlanğıc fazasında Aminə qarşı kobudluq olduğunu izah etməyə çalışsa da, ədalət yerinə “qırmızı” və futbol ictimaiyyətinin qınağını gördü.

 

“Şamaxı” – “Sabah” oyunu: İlk hissədə zəif təsir bağışlayan “Sabah” fasilədən sonra dərhal toparlanaraq hücuma atılır. Yenicə meydana çıxmış Namik Ələskərov rəqib müdafiəçinin müdaxiləsi nəticəsində yerdə qalsa da, matçın baş hakimi Kamranbəy Rəhimovun fiti susur.

 

VAR-da əyləşən hakimlər də epizoda səssiz qalırlar. Epizodun təkrarına baxdıqda isə “Şamaxı”nın müdafiəçisinin topa yox, Namikin ayağına oynadığı və əli ilə itələdiyi görünür.

 

Bu hələ sadəcə bir klubun, son 4 turda qarşılaşdığı qərarlardı. Mövsümün öncəsindən indiyə kimi isə müxtəlif klubların timsalında onlarla belə epizodları göstərmək mümkündür. Yəni dəyişən ciddi bir şey yoxdur. Yenə “köhnə hamam, köhnə tas”...

 

Sadəcə, əvvəllər baş hakimlər səhv qərarları daha tez verirdilər. Yəni hər hansı təkrara baxmağa ehtiyac olmurdu. İndi isə öz səhv qərarlarını vermək üçün dəqiqələrlə milləti aVARa edirlər...

 

Sportinfo.az

Xəbər xətti