Azərbaycan millisinin veteran forvardı Rauf Əliyev Sportal.az saytına müsahibə verib. Mövsümün gedişində aktiv futbolçu karyerasını başa vuran Rauf Premyer Liqadakı rəqabət haqda danışıb. Bununla bərabər, o, millimizin hücumçusu Ramil Şeydayevin Taylanda yollanmasını şərh edib.
- Hazırda nə işlə məşğulsan? Məşqçilik kurslarına başlamamısan?
- Şəxsi işlərimlə məşğulam. Futbol və ya idmanla bağlı işim yoxdur. Məşqçilik kurslarına gəlincə, əlbəttə başlayacam. Qarşıdakı kurslarda iştirak edəcəm.
- Mövsümün gedişində karyeranı başa vurduğunu açıqladın. Yeni mövsüm geri qayıtmağı düşünürsən, yoxsa qəti qərarındır?
- Xeyr, geri dönmək barədə fikirləşmirəm. Oynamağa həvəsliydim. Amma əvvəl də demişdim, ağır zədəm var. Üç il boyunca çox çətinliklərlə oynadım. Ona görə də, karyeramla bağlı son nöqtə qoyulub. İstəsəm də, oynamağım mümkün deyil. Zədəm ağırdır, bugünkü gündə də əziyyətini çəkirəm.
- Yeni mövsümdən Əfran İsmayılovla birlikdə minifutbol çempionatında hansısa komandada oynaya biləcəyinlə bağlı xəbərlər yayılıb. Plan necədir?
- Bir dəfə minifutbolun püşkatma mərasimində iştirak edirdik. Orada söhbət oldu, yeni mövsümdən çempionatda Azərbaycanın tanınmış, üzdə olan veteran futbolçularından ibarət komandanın iştirak etməsinin istədiyini bildirdilər. Yəni, söhbətimiz belə olmuşdu. Ancaq məsələnin dərinliyini bilmirəm.
- Yəqin ki, kənardan Premyer Liqanı izlədin. Hər halda, "Qarabağ"ın çempionluğu sürpriz olmadı?
- "Qarabağ"ın çempionluğu sürpriz olmadı, gözlənilən idi. "Sabah" “Qarabağ”a müqavimət göstərdi. Fikirləşirdik ki, bu iki komanda çempionluq mübarizəsində yer alacaq. Amma "Qarabağ" daha təcrübəlidir və bu da rəqabətdə öz sözünü dedi. "Sabah"ın ikinci yer haqqı idi. Bu mövsümkü "Neftçi" "Sabah"la ikinci yer uğrunda da mübarizə aparacaq gücdə deyildi. Görünən bu idi. Ölkə kubokunu da qazana bilmədilər. "Neftçi" dəyişməli, güclənməlidir. Onlar "Qarabağ" və "Sabah"dan geri qalırlar. "Neftçi" bəzi dəyişikliklər etməlidir ki, gələcək üçün iddialı olsun.
- Yeni mövsüm bu üç komandanı necə təsəvvür edirsən?
- Məncə, "Sabah" yeni mövsüm "Qarabağ"la mübarizə aparacaq gücdə olacaq. Komandanın çox yaxşı baş məşqçisi var, yaxşı futbol oynayırlar. Bəzi transferlər edəcəklər. Əsasən də müdafiəni gücləndirməklə "Sabah" yeni mövsüm daha yaxşı komanda olacaq. Bu mövsümkündən də güclü təsəvvür edirəm onları, yeni sezon çempionluq mübarizəsində yer alacaqlar.
- “Qarabağ”, “Sabah”, “Neftçi” və “Qəbələ” avrokuboklarda ölkəmizi təmsil edəcək. Səncə, bu komandalardan hansı qruplara vəsiqə qazanacaq?
- Vallah indidən bir şey demək olmur. Çünki püşkatmadan çox şey asılıdır. Ola bilər ki, hansısa komandamıza daha uyğun rəqiblər düşər və mərhələni daha rahat keçər. Hər şeyi zaman göstərəcək. Amma püşkatmadan çox şey asılı olacaq. Bir də, əsas məsələ, komandalarımız hansı transferləri edəcək, kimləri gətirəcək. Bu mənada, indidən qruplar barədə nəsə demək çətindir.
- Azərbaycan millisinin forvardı Ramil Şeydayevin Taylandın "Buriram Yunayted" klubuna transferini necə qarşıladın?
- Ramil Şeydayevin seçimini normal qarşılayıram. Ola bilər ki, heç kimin bilmədiyi bəzi nüanslar var. Zəif komandaya da getməyib. "Buriram Yunayted" Asiya təmsilçisi olduğu üçün bəziləri Ramilin geriyə addım atdığını düşünür. Bildiyim qədərilə "Buriram Yunayted" yaxşı klubdur, maliyyə şərtləri də çox yaxşıdır deyə, belə addım atıb. Futbolçunun öz qərarıdır, hamı bunu normal qarşılamalıdır. Son günlər dünya futbolunda baş verənləri görürsüz. Səudiyyə Ərəbistanı klubları hansı transferləri edirlər. Hər kəs görür ki, maliyyə futbolda çox vacib rol oynayır. Ramilin addımı da bununla bağlı ola bilər. Ulduz futbolçular da belə qərarlar verir.
Mirbağırağa
saytlarin hazirlanmasi