İsveç klubunun məşqçisi: "Çox maraqlı transferdir, Musa "Yurqorden"də oynamaqdan həzz alacaq" - MÜSAHİBƏ

12:48 - 5 İyul 2023

Azərbaycan millisinin veteran futbolçusu, hazırda İsveç yüksək liqasında yarışan "Kalmar"da məşqçisi kimi çalışan Emin Nuri Sportal.az saytına müsahibə verib. O, yığma komandamızın forvardı Musa Qurbanlının "Yurqorden"ə keçidi barədə danışıb. Gənc mütəxəssis Qurbanlının İsveçdə uğurlu ola biləcəyinə inandığını söyləyib.

- Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı "Yurqorden"ə keçməyə hazırlaşır. Yəqin ki, bu barədə məlumatlısınız?

 - Təbii ki, xəbərdaram. Çünki mətbuatı oxuyuram və İsveçdə bu haqda yazırlar. Musa üçün ən yaxşısını arzulayıram. Ümidvaram ki, onun "Yurqorden"də işləri yaxşı gedəcək.

- Musanın oyununu görmüsüz? 

- Azərbaycan millisində və "Qarabağ"da oynadığını bilirəm. Düzü, sizdən fərqli olaraq, Musa haqda geniş məlumata sahib deyiləm. Onun barəsində azca oxumuşdum. İsveçdə Musa üçün hər şeyin yaxşı olacağını düşünürəm.

- Yəqin ki, "Yurqordon"den onu bir müddət izlədikdən sonra heyətinə qatıb?

- Təbii ki, belədir. Əlbəttə, "Yurqorden" üçün çox maraqlı transferdir. Hər halda, onlar transfer edəcəkləri oyunçunu izləyiblər və daha sonra yekun qərar verib, dəvət ediblər.   

- Qışdan sonra "Kalmar"da da azərbaycanlı oyunçular görə bilərik? Ən azından siz təklif verə bilərsiniz...

- Təbii ki, “Kalmar”da da azərbaycanlı futbolçular oynaya bilər, niyə də olmasın? Həyatda, xüsusilə də, futbolda hər şey mümkündür. İndi bu barədə hər hansı məlumatım yoxdur. 

- Musa üçün İsveçdə üstünlük və mənfi hal nə ola bilər?

- Gənc futbolçudur və istəklidir. Özü də, maraqlı hücumçudur. O, böyük ambisiyaları olan komandaya gəlib. "Yurqorden"in böyük azarkeş kütləsi var. Bu, futbol ictimaiyyətini, mediyanı, hər kəsi maraqlandıran klubdur. Hər halda, Musa "Yurqorden"də oynamaqdan həzzə alacaq və zamanla klub haqda daha geniş məlumata sahib olacaq.

- Göstərəcəyi performansdan asılı olaraq, Avropanın top-5 liqalarından birinə də gedə bilər?

- 100 faiz belədir. Əlbəttə, İsveç Avropanın top-liqalarına növbəti addım atmaq üçün əla tramplindir.

- "Kalmar" və "Yurqorden" klubları arasında keçiriləcək oyunlardan əvvəl Musa ilə görüşəcəksiz?

- Əlbəttə, görüşəcəm.

Xəbər xətti