Bu mövsüm Azərbaycan Premyer Liqasında yarışan klublar daha çox İsraildən futbolçu gətirməyə üstünlük verməyə başlayıb. “Qəbələ” və “Səbail”də artıq israilli oyunçular peyda olub. Əslində, əvvəllər də klublarımız İsrail bazarına diqqət yetirirdi. Lakin buradan daha çox israillilər deyil, legionerlər Azərbaycana dəvət edilirdi. Maraqlıdır, niyə birdən-birə klublarımız israilli futbolçulara üstünlük verməyə başlayıb?
Məsələ ilə bağlı "Neftçi"nin sabiq idman direktoru, futbol agenti kimi fəaliyyət göstərən Ceyhun Sultanovdan fikir aldıq. Sportal.az saytına açıqlama verən futbol adamı klublarımızın İsraildən olan futbolçulara maraq göstərməsini bununla əlaqələndirib:
"İsrail çempionatı çox güclüdür. Liqanın keyfiyyəti də bizimkindən üstündür. Baxın da, İsrailin U-20 yığması dünya çempionatında necə oynadı, U-21 millisi Avropa çempionatında yarımfinala çıxdı. Onların gəncləri yetişir, çempionatları bizdən qat-qat üstündür. Şərait baxımından da bizdən yaxşıdırlar. İsraildən futbolçuların bura gəlməsi klublarımıza xeyirdir. Aşağı səviyyədə də oynaya bilərlər, futboldur. Çünki hər futbolçu hər klubda "dağıtmır". Zamana ehtiyac var. Yaxşı da ola bilər, pis də. Bir milyonluq futbolçu gətirərsən, istədiyin effekti verə bilməz. Hazırda İsrail yüksək liqasından oyunçu gətirmək normaldır".
Xatırladaq ki, “Qəbələ” Gilad Avramovla Osama Halaylanı, “Səbail” isə Yadin Luqasi və Nir Bardeanı heyətinə qatıb.
Mirbağırağa