Kiprin "Omoniya" klubu Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Qəbələ"nin qonağı olacaq.
Sportal.az xəbər verir ki, Nikosiya təmsilçisinin baş məşqçisi Sofronis Avqusti matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Bu, bizim ilk Avropa oyunumuzdur. Çox yaxşı rəqibə qarşı oynayacağıq. "Qəbələ" həm hücumda, həm də müdafiədə yaxşı oynayan komandadır. Öz oyun prinsiplərimizə sadiq qalacağıq. Çalışacağıq ki, cavab matçına yaxşı nəticə ilə çıxaq".
- Hazırda əlinizdə olan heyət sizi qane edir?
- Noviça Yerakoviçlə bağlı bəxtsizlik oldu. Səkkiz aylıq sıradan çıxıb. Hazırda əlimizdə olan oyunçular məni qane edir. Bilirik ki, "Qəbələ" də çox oyunçusunu itirib. Amma onların oyun fəlsəfəsi dəyişməyib.
- Növbəti mərhələyə keçmək üçün "Omoniya"nın performansı kifayət edəcək?
- Nisbətən təcrübəsiz komandayıq. Bunun üçün səhvlərdən qaçmalıyıq. Hər iki matçda ən yaxşı performansımızı ortaya qoymalıyıq.
- Mərhələnin taleyini nə həll edəcək?
- Səhvlərdən qaçmalıyıq. Düzdür, hazırda istədiyimiz səviyyədə deyilik. Amma oyundan-oyuna istədiyimiz səviyyəyə çatacağıq. Diqqətli və kompakt oynamalıyıq.
- Səfərdə heç-heçə sizi qane edəcək?
- Biz böyük komandayıq. Hər oyun üçün hədəfimiz qələbə qazanmaqdır. Bərabərliyi düşünmək səhv olar.
- İlk matçın səfərdə olmağı sizin üçün müsbətdir, yoxsa mənfi?
- Bu, həm müsbət, həm də mənfi ola bilər. Hər şey sabahkı oyundan asılıdır. Nəticədən sonra müsbət və ya mənfi olacağı bilinəcək.
- Son transfer Velko Simiçin hazırlığı nə yerdədir? Sabah onu hansı mövqedə oynatmağı planlaşdırırsız?
- Simiç "Aris"lə Super Kubok matçında 10 dəqiqə oynadı. Əlbəttə ki, hazırda ideal formada deyil. Ona güvənirik. Yaxşı texniki keyfiyyətləri var. Üç mövqedə oynamağı bacarır. Hər üç mövqedə yaxşı oynayacağını düşünürük.
Elçin Əlixan
saytlarin hazirlanmasi