"Qəbələ"nin qapıçısı: "Olduğumuz mövqe oynadığımız futbolla uyğun gəlmir" - MÜSAHİBƏ

13:15 - 29 Oktyabr 2023

“Qəbələ”nin qapıçısı Rəşad Əzizli Sportal.az saytına müsahibə verib. O, komandasının hazırkı durumunu dəyərləndirib.

- "Qəbələ" son görüşdə evdə "Araz-Naxçıvan"a uduzmuşdu. Səncə, komandanız bu oyunda niyə məğlub oldu?

- Məğlubiyyətimiz sırf bəxtsizliklə əlaqədar idi, başqa səbəbi yox idi. Oyun planında ilk problemimiz olmadı. İlk dəqiqədən hücumda xeyli epizod yaradırdıq, sadəcə onları qolla yekunlaşdıra bilmirdik.

- Meydanda azlıqda qalmağınız məğlubiyyətinizdə nə qədər önəmli rol oynadı?

- Məncə, meydanda azlıqda qalmağımız məğlubiyyətimizdə böyük rol oynadı. Çünki haqsız yerə verilmiş qırmızı vərəqələr idi. Bu da nəticəyə təsir etdi. Təəssüf ki, belə alındı.

- Təbii ki, matçın əsas epizodlarından biri də Mohammed Kadirinin baxımlı qolu oldu. Həmin anda topu görmədin, yoxsa necə?

- Topun istiqaməti məni çaşdırdı. Top havada olanda, çox oynadı. Ona görə reaksiya verə bilmədim.

- Komanda 9-cu pillədədir. Yəqin ki, bu da sizi razı salmır?Səncə, niyə komanda bu pillədədir?

- Olduğumuz mövqe oynadığımız futbolla uyğun gəlmir. Bu da bizə çox təsir edir. Çünki yaxşı futbol oynayırıq. Çalışmalıyıq ki, vəziyyəti düzəldək. 

- Hazırkı pillədən qurtulmaq sizin üçün nə dərəcədə realdır? Yəqin ki, komandanı daha üst pillələrdə təsəvvür edirsən?

- Əlbəttə ki, "Qəbələ" həmişə yuxarı pillələrdə olub. Bu il də onun üçün çalışıb onu əldə etməliyik. Komandamızın buna potensialı var, gücümüz də buna çatar. Ümidvaram ki, hər şey yaxşı alınacaq. 

- "Qəbələ" Premyer Liqanın 11-ci turunda "Sumqayıt" önünə çıxacaq. Həmin matçda qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən?

- Biz istənilən oyuna qələbə üçün çıxırıq. "Sumqayıt"la görüşdə də məqsədimiz eynidir. Çalışacağıq ki, qələbə qazanaq. Həftəboyu yaxşı da hazırlaşmışıq. 

- Yeri gəlmişkən, milli komandanın Estoniya və Avstriya ilə matçları üçün sənə də dəvət gəlmişdi. Atmosfer necə idi? Səncə, növbəti toplanışlara da dəvət ediləcəksən?

- Toplanış yaxşı oldu. Millidə yer almaq çox xoş və qürurludur. Canni De Byazinin dəstəyini görürdüm. Çox istəyərəm ki, yenə də millidə yer alım. Hər halda, əsas olan baş məşqçinin verəcəyi qərardır.

Mirbağırağa

Xəbər xətti