"Qarabağ" məhkumlarla yoldaşlıq oyunu keçirdi

15:57 - 4 Noyabr 2023

Məhkumların hüquq və azadlıqlarının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili, onların sosial reabilitasiya və cəmiyyətə reinteqrasiya prosesinin həyata keçirilməsi istiqamətində Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən digər Dövlət qurumları ilə birlikdə uğurlu layihələr həyata keçirilir.

Sportal.az xəbər verir ki, 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü münasibətilə AFFA-nın təşkilatçılığı ilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə müəssisəsində mini-futbol üzrə yoldaşlıq oyunu keçirilib.

“Qarabağ” futbol klubunun 15 yaşlılardan ibarət komandası ilə yeniyetmə məhkumlardan ibarət komanda arasında baş tutan görüşü Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Orxan Qasımov, AFFA-nın baş katibi Sərxan Hacıyev, “Qarabağ” futbol klubunun baş direktoru Emrah Çelikel, eləcə də iştirak edən qurumların digər məsul şəxsləri izləyib.

Oyundan sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və “Qarabağ” futbol klubunun nümayəndələri tərəfindən yeniyetmələrə hədiyyələr təqdim edilib. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Xəbər xətti