"Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Azər Bağırov Sportal.az saytına müsahibə verib.
- "Turan Tovuz", "Neftçi", "Səbail" klublarının baş məşqçi postuna namizədlər arasında adınız hallanırdı. Maraqlıdır, bu üç klubdan heç təklif almışdınız?
- Adımın bu klublarla hallanmasını mətbuatdan oxuyurdum. Futbol funksionerlərindən də adımın çəkildiyini eşidirdim. Amma əfsuslar olsun ki, diqqətdən uzaq qaldım. "Araz-Naxçıvan"da olanda “Səbail” və “Neftçi” komandalarına qarşı ilk dövrədə, qışdan sonra da yaxşı oyunlarımız olmuşdu. Bir məşqçi kimi də, məncə həmin klublarda daha yaxşı oynadıq. Qışdan sonra bizdə bəzi problemlər oldu. O problemlərin haradan, necə qaynaqlandığını bilirəm. Bu haqda çox danışmaq istəmirəm. Çox təəssüf ki, belə hadisələrlə üz-üzə qaldım.
- "Neftçi" və "Turan Tovuz" klublarında hələ də baş məşqçi postu boşdur. Necə düşünürsüz, bu iki klubun rəhbərliyi yerli məşqçi seçimi edərsə, Azər Bağırov variantına niyə üstünlük verməlidir?
- Azər Bağırov 10-12 günə yaxşı komanda formalaşdırmışdı. Həmin komanda da Premyer Liqada qalmağı bacardı. Dekabrda komandamız güclənə bilmədi və bəzi problemlərlə rastlaşdıq. O hallar olmasaydı, qışdan sonra tam fərqli “Araz-Naxçıvan” görə bilərdik. 10-12 günə komanda formalaşdıra bilən adamın əlində 20-25 gün vaxt var idi ki, 3-cü və 4-cü dövrəyə hazırlaşaq. Bu fürsətdən də yaxşı istifadə edə bilərdik. Ancaq bəzi məsələlər oldu ki, qışdan sonra güclənə bilmədik.
- Artıq 2023/2024 mövsümü başa çatıb. Bir müddət əvvəl müsahibənizdə bildirmişdiz ki, "Araz-Naxçıvan"dakı işinizlə başqa klubların diqqətini çəkə bilmisiz. Fikrinizdə qalırsız?
- Bəli, yenə də fikrimdə qalıram. Çox futbol funksionerlər var ki, onlarla rastlaşdıqda, ilk dövrədəki “Araz-Naxçıvan” haqda çox yaxşı fikirlər səsləndirirlər. Bəlkə də, çoxlarının bacara bilməyəcəyini biz etdik. “Araz-Naxçıvan” Premyer Liqadadır, bunun özü böyük uğurdur.
- Ölkə xaricinə yollanmaq variantı necə, heç realdır? Məsələn, agentlərlə işləyirsiz ki, onlar da sizi xaricə aparsın?
- Agentlərlə ara-sıra işləyirik. Qışda bəzi təkliflər var idi. Ancaq yetərli qədər perspektivi olmadığı üçün “Araz-Naxçıvan”dan uzaqlaşmaq istəmədim. Bu komandada böyük enerji qoymuşdum, böyük istəyim var idi. Əfsuslar olsun ki, alınmadı. Qarşıya baxmaq lazımdır. Bəlkə də, xaricdən yenə də real təkliflər olar. Daha yaxşı, daha uzunmüddətli iş üçün gedərik.
- Məsələn, Qurban Qurbanovun adı "Beşiktaş", "Latsio" klubları ilə hallanırdı. Bu səviyyəyə gəlib çıxmaq digərləri üçün də realdır, yoxsa çətindir?
- Hər bir şey Allahın əlindədir. Allah istəsə, biz də çalışqanlığımızla o zirvələrə çatarıq. Ancaq hazırda Qurban Qurbanovun etdiklərini təkrarlamaq mümkün deyil. Yaxın gələcəkdə bunu etmək inandırıcı da deyil.
- Ümumiyyətlə, yeni mövsüm Premyer Liqada mübarizənin, çempionluq rəqabətinin daha da gərgin olacağın düşünürsən, yoxsa "Qarabağ" artıq qalibdir?
- Çempionat başlayandan sonra hansısa fikirlər demək olar. Əks halda, bu gün çox şey haqda nəsə demək tezdir. Görünən odur ki, hələ ki, “Qarabağ” 2:0 öndədir. Çünki çox klublarda heç məşqçi təyinatı yoxdur. Strukturun necə olacağı bilinmir. “Neftçi”də belə, məşqçinin kim olacağı haqda xəbər-ətər yoxdur, qalmışdı ki, necə çıxış edəcəkləri haqda nəsə söyləmək. Bütün bunları nəzərə alsaq, məncə, “Qarabağ” çempionat başlamamışdan hamıdan 2:0 öndədir.
Mirbağırağa
saytlarin hazirlanmasi