Bu gün "Zirə" Konfrans Liqasının üçüncü təsnifat mərhələsində "Osiyek"lə qarşılaşacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Xorvatiya səfərində sərfəli nəticə qazanmağa çalışacaq. Osiyekdəki görüşə Bakı vaxtı ilə 22:00-da start veriləcək.
Bu oyun Azərbaycan və Xorvatiya klublarının avrokuboklardakı üçüncü qarşıdurması olacaq. İndiyə qədər bu iki ölkənin klubları avrokuboklarda iki dəfə üz-üzə gəlib. Maraqlıdır ki, hər ikisi də Çempionlar Liqasının təsnifat mərhələsinin oyunları olub. "Dinamo" bir dəfə "Xəzər Lənkəran", sonra isə "Neftçi" ilə qarşılaşıb. Təəssüf ki, klublarımızın Xorvatiya klubları üzərində rəsmi matçlarda qələbəsi yoxdur.
Sportal.az Azərbaycan və Xorvatiya klubları arasında keçirilmiş rəsmi matçları təqdim edir:
"Xəzər Lənkəran" - "Dinamo"(Zaqreb)
Azərbaycan çempionu olmuş “Xəzər Lənkəran” 2007-ci il iyulun 7-də “Dinamo”(Zaqreb) ilə qarşılaşmışdı. Rəqibin heyətində sonradan dünya ulduzlarına çevriləcək Luka Modriç, Vedran Çorluka, Mario Mancukiç də çıxış edirdi. Zaur Ramazanovun vurduğu qolla hesabı açan "Xəzər Lənkəran" 5 dəqiqə sonra Ettonun fərqlənməsinə mane ola bilməmişdi və matç 1:1 başa çatmışdı. Lənkəran klubu səfərdə də rəqibi ilə 1:1 oynamışdı. Lakin əlavə dəqiqələrdə buraxılan iki qolla Xorvatiya çempionuna uduzan "Xəzər Lənkəran" ÇL-dəki işitrakını dayandırmışdı.
"Neftçi" – "Dinamo"(Zaqreb)
Dörd ildən sonra “Dinamo” yenə Bakıya gəlməli olmuşdu. Amma onlar bu dəfə paytaxtımıza “Neftçi” ilə oyun üçün səfər etmişdi. Çempionlar Liqasının təsnifat mərhələsində “ağ-qaralar”la qarşılaşmış Zaqreb təmsilçisi “Maksimir”də 3:0 qələbə qazanmış, Bakıda isə “Neftçi” ilə 0:0 oynayaraq növbəti mərhələyə vəsiqə qazanan tərəf olmuşdu.
Mirbağırağa
saytlarin hazirlanmasi