Azərbaycanda uzun illər "İnter"də(indiki "Şamaxı") oynamış braziliyalılardan olan Danildo Assioli 2019-cu ildən “Santa-Klara”da işləyir. Sportal.az saytına müsahibə verən braziliyalı məşqçi “Santa-Klara”da işlədiyi “Qarabağ”ın futbolçusu Julio Romao və “Sabah”ın yeni transferi İqor Noqueyra barədə danışıb.
- “Santa-Klara”dan yaxşı tanıdığınız İqor Noqueira “Sabah”a keçib. Onun haqqında nə düşünürsünüz?
- Bəli, Noqueyra yaxşı tanıdığım futbolçulardandır. Çünki onunla bir il işləmişəm. Mən onun xüsusiyyətlərini yaxşı bilirəm. O, çox aqressiv, təcrübəli müdafiəçidir, hava toplarında yaxşıdır, yaxşı texniki qabiliyyətə malikdir. Onun komandaya stabillik və yetkinlik gətirəcəyinə inanıram.
- O, hələ ki, "Sabah"da debüt etməyib. Noqueyranın xüsusi üstünlükləri və mənfi cəhətləri hansılardır?
- Dediyim kimi, yaxşı futbolçudur. Onun komandaya stabillik gətirəcəyinə inanıram.
- Maraqlıdır ki, Azərbaycan klubları son illər, həmçinin bu yay Portuqaliyadan çoxlu futbolçu dəvət edib. Azərbaycan klublarının Portuqaliyadan daha çox futbolçu gətirməyini nə ilə əlaqələndirirsən?
- Portuqaliyanın həm 1-ci, həm də 2-ci liqası son dərəcə rəqabətlidir. Komandalar həm struktura, həm də metodologiyaya, idmançıların hazırlanmasına çox sərmayə qoyurlar. Hesab edirəm ki, bu amillər Portuqaliya futbol bazarı Azərbaycan və digər ölkələr üçün cəlbedici edir.
- Sənə tanış olan və “Santa-Klara”da oynamış digər futbolçu isə Julio Romaodur. “Qarabağ”ın aparıcı oyunçularından hesab edilir. Onunla tez-tez danışırsan?
- Julio Romaonun “Qarabağ”dakı uğurlu performansı mənim üçün sürpriz deyil. Çünki mən onun həm idmançı, həm də bir insan kimi bacarıqlarını yaxşı bilirəm. Onun təvazökar şəxsiyyət olması, həmişə öyrənməyə cəhd etməsi, komandaya kömək etmək üçün hazır olması, Romaonu unikal idmançı edir. Romao qazandığı bütün uğurlara layiqdir və şübhəsiz ki, “Qarabağ”a və Azərbaycan futboluna çox şey verəcək.
- Maraqlıdır, Azərbaycan klublarından “Santa-Klara”nın hazırkı futbolçularına maraq göstərən, transfer üçün kluba müraciət edən olub?
- “Santa-Klara” bu illər ərzində yaxşı işlər görür və digər klublarda, o cümlədən Azərbaycanda da maraq doğurması təbiidir. Portuqaliyada oynayan idmançılar orada futbolu yaxşı bilirlər və hər zaman təkliflərə açıqdırlar. Etiraf edim ki, Azərbaycan futboluna qayıtmaq şübhəsiz ki, bəslədiyim arzudur və bir gün onun gerçəkləşməsi üçün çalışacağam.
Mirbağırağa