"Birbaşa Bakı"nın təcrübəli oyunçusu: "Çempionlar Liqasında hədəfimiz çempionluq idi"

11:17 - 10 Sentyabr 2024

Polşanın Varşava şəhərində keçirilmiş minifutbol üzrə Çempionlar Liqasının qalibi "Birbaşa Bakı" klubu vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında komandanın futbolçusu Mirmehdi Rzayev Sportal.az saytına açıqlama verib:

"Artıq üçüncü ildir ki, "Birbaşa Bakı" ilə Çempionlar Liqasına gedirdik. Bundan əvvəl iki dəfə bəxtimiz gətirməmişdi. Bu dəfə yaxşı hazırlaşdıq. Şükür Allaha nəticə ilə vətənə qayıtdıq. Komandamızın kapitanı Kamil Məmmədova, İlkin Qəribliyə təşəkkürümüzü bildiririk. Həqiqətən əziyyətimizi çox çəkiblər. Bəli, ÇL-də 1/8 finalda “Aznur”la qarşılaşdıq. Düzü, istəməzdik ki, onlarla qarşılaşaq. Çünki onlar da yaxşı hazırlaşmışdılar, güclü kollektivdilər. Bakıda da onlarla yoxlama oyunu oynamışdıq. Ayrı səbətlərdə olsaydıq, “Aznur”la finalda görüşə bilərdik".

Komandanın təcrübəli oyunçusu Rizvan Fərzəliyev isə çempionluğu belə şərh edib:

"Bundan əvvəl iki dəfə uğursuzluğumuz olmuşdu. Şansımız da gətirməmişdi. Üçüncü dəfə Çempionlar Liqasına yollananda, hədəfimiz çempionluq idi. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı. Bakıya kubokla qayıtdıq. Bizə dəstək olan, əziyyəti olanlara təşəkkür edirəm. Varşavada azarkeş dəstəyinin olması da, böyük ruh yüksəkliyi verdi. Gələcəkdə də bu uğurun davamını gətirəcəyik".

Mirbağırağa

Xəbər xətti