Qələbəsizlik... - KİÇİK QEYD

22:00 - 7 İyun 2025

Fernandu Santuş gələndən sonra millimiz qələbə nədir görməyib. Guya sanballı məşqçi gətirmişdilər ki, yaxşı olsun. Lakin daha da pisləşdi millinin nəticələri. 

Əvvəllər ya yoldaşlıq matçlarında, ya da nəticəsi əhəmiyyət daşımayan oyunlarda qələbə qazanmaqla camaatın başını qata bilirdilər. Santuşun gəlişi ilə bunu da bacarmaz hala gəlib yığmamız. 

Latviyanı da uda bilmədilər. Millimiz bunlarla da bacara bilmirsə, kimi məğlub edəsidir... Təsadüf baş verməsə, qarşıdakı oyunlarda heç kimi. Qələbə qazanmaq bir yana, Fransa, Ukrayna, İslandiya ilə rəsmi oyunlarda Allah böyük hesablı məğlubiyyətlərdən qorusun. 

Adı qələbəsizlik, özü isə bədbəxtçilikdi millimizin düşdüyü durum. Milyonlar xərcləyib Avropa çempionu olan məşqçi gətiriblər, adam yoldaşlıq oyunlarında belə yığmaya qələbə qazandıra bilmir. 

Təəssüf ki, AFFA-nın yeni rəhbərliyi də əvvəlkilərin yolu ilə getdi. Adına aldanıb, bahalı əcnəbi mütəxəssis gətirdilər. Heç nə də olmadı. 

Olan yenə də bizə oldu. İtirilən bir il, itirilən bir neçə milyon... 

Həmid

Xəbər xətti