"Vernidub "Neftçi" kimi klublarda işləməyi bacaran, emosionallığı yüksək olan məşqçidir" - ukraynalı təyinata şərh verdi

14:22 - 14 Dekabr 2025

"Neftçi"nin Ukraynaəsilli sabiq futbolçusu Aleksandr Çertoqanov Sportal.az saytına açıqlama verib. O, “ağ-qaralar”ın Yuriy Vernidubu baş məşqçi postuna təyinatını şərh edib.

Bundan öncə isə o, Samir Abasovla yolların ayrılması haqda öz fikirlərini bildirib: "Samir Abasov baş məşqçi postundan göndərildi. Yəqin ki, "Neftçi" rəhbərliyi gözləmək istəmirdi. Nəticə olmadığı üçün onunla yollar ayrıldı. Bəzi detallar var ki, onlar qaydasına düşməliydi. Hər halda, komandada yeni futbolçular da var. Komanda oyunu üçün zamana ehtiyac duyulur. Tez bir zamanda bunu etmək də mümkün olmadı. Hər halda, futbolçuların bir-birinə uyğunlaşıb, lazımı səviyyədə oynamasına zaman lazımdır. O zaman da yox idi. Çünki heç kim gözləmir, nəticə istəyir.

Yuriy Vernidubun təyinatından xəbərdaram. O, maksimalistdir və bu səviyyədə olan komandalarla işləməyi bacarır. Onun iş etikası və emosionallığı ən yüksək səviyyədədir. Həqiqətən də yaxşı məşqçidir. Avropadan məşqçi dəvət etməyə həqiqətən ehtiyac yox idi. Çünki son illərdə hansı məşqçinin Azərbaycana özünü ən yaxşı tərəfdən göstərdiyini xatırlamıram. Ona görə də heç ehtiyac yoxdur buna. "Neftçi" həmişə xalq komandası olub, baxmayaraq ki, son illərdə "Qarabağ" bu estafeti öz üzərinə götürüb. Amma düşünürəm ki, "Neftçi" öz nailiyyətlərini geri qaytarmalı və azarkeşləri sevindirməlidir. Ümid edirəm ki, "Neftçi" bunları etməyi bacaracaq".

Mirbağırağa

Xəbər xətti