"Vinisiusun oyunu müzakirə olunan məbləğlərə uyğun gəlmir"

22:12 - 24 Dekabr 2025

“Valensiya” və “Real”ın sabiq qapıçısı Santyaqo Kanisares “kral klubu”nun Vinisius Juniorla müqaviləni uzatması mövzusunda fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, daha əvvəl braziliyalı futbolçunun 2027-ci ildə başa çatacaq “Real”la müqaviləsini uzatmaqla bağlı tərəddüd etdiyi barədə məlumat yayılmışdı. Buna səbəb kimi “Santyaqo Bernabeu”da azarkeşlərin fitə basması göstərilirdi.

Bildirilirdi ki, Vinisiusun agentləri danışıqlar zamanı müştəriləri üçün uzadılma bonusu da daxil olmaqla təxminən 30 milyon avro tələb ediblər. Halbuki “Real”da belə bonuslar verilmir.

“Əgər Vinisiusun oyununa əsaslansaq, maaş məbləği müzakirə olunan rəqəmlərə uyğun gəlmir. Üstəlik, bu vəziyyət futbolçunun özünü də xüsusi narahat etmir.

Futbolçu agentinə deyir ki, mövqeyindən geri çəkilməsin, çünki müqaviləsinin bitməsinə az qalıb. Nəticədə klub gözləntilərə və onun bir vaxtlar necə futbolçu olduğuna görə pul ödəməli olacaq. Axı o, demək olar ki, "Qızıl top"u qazanmış, Çempionlar Liqasını qollar vuraraq qazanmış böyük bir futbolçu idi.

Vinisiusun maaşı nəzərdən keçiriləcək rəqəmlərə uyğun deyil. Bu, təkcə ona yox, "Real"dakı oyunçuların əksəriyyətinə aiddir”, – deyə Kanisares bildirib.

Xəbər xətti