Muntyanu iddialı danışdı: "Komandamda ən yaxşılar forma geyəcəklər" MÜSAHİBƏ

15:34 - 29 İyun 2014

"Qəbələ" sabitliyi ilə də fərqlənməlidi"
 
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az müsahibəni təqdim edir:

- "Qəbələ"nin Sloveniya toplanışı haqda danışardınız..
- Oyunçuların işə münasibətindən razıyam. Yeganə mənfi hal heyətin parçalanmasıdı. Hələ də heyəti tam komplektləşdirməmişik. Amma çempionatadək bu işi başa çatdırmalıyıq.

- Komandanın hazırlıq üçün vaxtı az idi. Bu sizə avrokuboklarda problem yaratmayacaq ki?
- İşə düzgün yanaşmaqla nəticə qazanmaq olar. Bizim hələ daha keyfiyyətli hazırlıq üçün vaxtımız var. Rəhbərlik, məşqçilər korpusu və oyunçular ilk mərhələni keçməyi çox istəyir.

- Şansları necə qiymətləndirirsiz?
- Rəqəmlərlə danışmağı sevmirəm. Futbolda belə bir dəqiqlik yoxdu. Şans var və əlimizdən gələni edəcəyik ki, bundan yararlanaq. Oyunçuların da bütün güclərini qoymasını istərdim.

- İştirak ərizəsində cəmi iki hücumçu var. Bu, yetərlidi?
- Rəhbərliklə bu barədə danışmışam. Əlimizdən gələni edəcəyik. Komandada qalmaq istəməyən futbolçulardan isə danışmaq istəmirəm.

- Yerli futbolçulardan razı qaldız?
- Onların çalışmasından, keyfiyyətindən narazılığım yoxdu. Ümid edirəm ki, birgə daha xeyirli işlər görəcəyik.

- Andrey Kriste və Adrian Ropotan barədə nə deyə bilərsiz?
- Bu futbolçuları yaxşı tanıyıram. Onlarla birgə işləmişəm. Keyfiyyətli futbolçulardı. Hər ikisinin böyük təcrübəsi var. Kristea Rumıniya çempionatında uğurlu mövsüm keçirib. O, Viktor Mendi ilə yaxşı rəqabət yaradacaq.

- Rəhbərlik qarşınıza hansı vəzifəni qoyub?
- Gözəl bilirəm ki, komanda son mövsümdə nəyə nail olub. Biz minimum eyni uğuru təkrarlamalıyıq. Bununla yanaşı Avropa Liqasında yaxşı nəticə qazanmalıyıq. Mümkün qədər çox mərhələ keçməliyik. Komanda sabitliyi ilə də fərqlənməlidi.

- İlk rəqib - "Şiroki Briyeq" barədə nə bilirsiz?
- Bu, Avropada elə də çox tanınmayan bir komandadı. Onlar haqda müəyyən məlumatlar əldə etmişik. Xüsusi üstünlüklərinin olduğunu düşünmürəm. Şanslar bərabərdi. Əsas olan bizim bu komanda ilə oyunlara necə yanaşmağımızdı.

- Ötən mövsüm meydana çıxmayan Kristian Pulhakın xidmətindən yararlanacaqsız?
- Onun klubla müqaviləsi var. Daha yaxşı forma yığması lazımdı. Oynamaq şansı azdı. Komandamda ən yaxşılar forma geyəcəklər. Bu, tək Pulhaka yox, hər kəsə aiddi. Heç kimin əsas heyətdəki yerinə zəmanət yoxdu. Heç vaxt kiməsə elə bir kompromissə getməmişəm.

- Burada necə yaşayacaqsız?
- Oteldə yaşamayacam. Özümə ev axtaracam. Çünki ailəmi də bura dəvət etməyi düşünürəm. Amma bütün bunları Avroliqadakı ilk oyundan sonra edəcəm. Hələlik, bütün fikrim "Şiroki Briyeq"lə ilk oyuna yönəlib.

Xəbər xətti