Turnirə Daniel Korbeanu (Rumıniya) - Rahim Əliyev (Azərbaycan) dueli ilə start verilib. Döyüşün ilk 3 raundunda qalib müəyyənləşməyib. Ekstra raunda rumıniyalı üstün olub.
Ardınca Roman Mayılov (Ukrayna) - Matyuş Kopyek (Polşa) görüşü başlayıb. Bu döyüşdə də əslən azərbaycanlı olan ukraynalı Mayılov sevinib.
3-cü görüşdə yenidən həmyerlimiz rinqə çıxıb. Quo Xianfenq (Çin) - Ramal Aslanov (Azərbaycan) döyüşü uzun çəkməyib, həmyerlimiz elə ilk rounda rəqibini nakaunt vəziyyətinə salıb.
4-cü görüşdə Yuri Kel (Almaniya)lə Telman Süleymanov (Azərbaycan) üz-üzə gəlib. İkinci raundda Kel Süleymanovu nokaura salaraq, qələbə qazanıb.
Ardınca Teo Mikeliç (Xorvatiya) - Tadas Jonkus (Litva) dueli baş tutub. 3 raundluq döyüş hakimlərin qərarı ilə Mikeliçin xeyrinə başa çatıb.
Bu döyüşdən sonra ağırçəkililər arasında 2 duel baş tutub.
Lim Çi Bin (Cənubi Koreya) - Mosab Amrani (Mərakeş): İlk raunddaca Amrani rəqibini ayaq zərbələri ilə 2 dəfə nokauta salır. Lim Çi Bin ilk nokautdan ayılsa da, ikincisində döyüşü davam etdirə bilmir. Mərakeşliyə mükafatı gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim edir.
Növbəti duel Jiao Fukai (Çin) və Pərviz Abdullayev (Azərbaycan) arasında baş tutub. Döyüşü inamlı keçirən Abdullayev ikinci raunddaca rəqibini nokauta salaraq, təmiz qələbə qazanıb. O, rinqə çıxan zaman və mükafatlandırma mərasiminə Fövqəladə Hallar Nazirliyinə məxsus hərbi geyimdə çıxıb. Kuboku ona "Qəbələ" idman klubunun vitse-prezidenti Fariz Nəcəfov təqdim edib. Xatırladaq ki, Pərviz dünən mətbuat konfransında güclü olduğunu sübut edəcəyini də bildirmişdi.
Bu görüşün atdından yüngül çəkili döyüşçülər arasında yarımfinal görüşləri keçirilib.
Roman Mayılov (Ukrayna) - Ramal Aslanov (Azərbaycan) duelində həmyerlimiz ikinci qələbəsini qazanıb.
Yuri Kel (Almaniya) - Teo Mikeliç (Xorvatiya)duelində isə əsas vaxtda qalib müəyyənləşməyib. Kel əlavə vaxtda qələbə qazanıb.
Superağır çəkidə daha 2 döyüş başlanır:
Erkan Varol (Türkiyə) - Albert Kraus (Hollandiya) qarşılaşmasında Kraus 3 raunddan sonra qalib elan olunub.
Hamının səbirsizliklə gözlədiyi Camal ben Saddiq (Mərakeş) - Hesdi Gerges (Misir) dueli baş tutub. Amma döyüş başlayan kimi ben Saddiq rəqibini yerə yıxaraq, təpikləməyə başlayıb. Araya hər iki döyüşçünün məşqçiləri giriblər. Hakimlər ben Saddiqi diskvalifikasiya ediblər, Gerges isə kuboku könülsüz qəbul edib.
Nəhayət yüngül çəkililər arasında final görüşü baş tutur.
Ramal Aslanov (Azərbaycan) - Yuri Kel (Almaniya) duelində ilk 3 raundda həmyerlimiz layiqli oyun göstərir, lakin hər kəs Aslanovun qalib elan olunacağını gözləsə də, hakim ekstra raunda ehtiyac duyur. Əlavə raundda isə Kehl daha üstün olaraq qalib adını alır.