"Qəbələ"nin yeni transferi: "Əgər diskotekaya getmək istəsəydim, bura gəlməzdim" MÜSAHİBƏ

16:03 - 30 İyun 2014

"Qəbələ" "Şiroki Briyeq"dən güclüdür"
 
“Qəbələ”nin yeni transferi Andrey Kristeanın  Sportal.az-a müsahibəsi

-    “Qəbələ”yə transferindən danışardın..
-    Komandaya keçidim menecerim vasitəsi ilə baş tutdu. Bu komandaya transferimdə baş məşqçinin həmyerlim Muntyanu olması böyük rol oynadı. Səbəbi isə verəcəyi taktiki gedişləri daha tez başa düşməyimlə bağlıdır. Amma hər kəs bilməlidir ki, meydana çıxdıqdan sonra bizim üçün milliyətin heç bir önəmi yoxdur, vəzifəmiz komandaya köməkdir. Bizim üçün əsas olan  yaxşı oynamaqdır. Əsas da bu il Avroliqada mübarizə aparacağıq, səhv etmirəmsə, bu, “Qəbələ”nin tarixində bir ilkdir.

 
-    Başqa komandalardan təkliflər var idi? Var idisə, nəyə görə “Qəbələ” seçdin?
-    Bəli, başqa təkliflər də var idi. Fikirləşdim ki, həm mənim, həm də ailəm üçün ən yaxşı seçim Azərbaycana gəlməkdir. Bu ölkə və komanda  haqda çox yaxşı fikirlər eşitdim. Şübhəsiz, “Qəbələ”yə keçidimdə baş məşqçi amili də rol oynadı.

-    Azərbaycan çempionatında bir neçə rumıniyalı futbolçular oynayır. Onlarla məsləhətləşdinmi?
-    İlk növbədə “Qəbələ”də forma geyinən Kristian Pulhakla söhbətimiz oldu, daha sonra “Xəzər Lənkəran”da forma geyinən Adrian Skarlatake ilə danışdım. Hər ikisi də Azərbaycan haqda ancaq xoş sözlər dedilər.

-    Komandaya bir az gec qoşuldun. Özünə oynamağa tam hazır hiss edirsən?
-    Bəli, bizdən fərqli mentalitetə malik olan bir ölkəyə gəlmişəm, amma ümid edirəm ki, həm Avroliqada, həm də növbəti mövsümdə yaxşı oyun göstərəcəm.

-    Bildiyimiz qədər, Muntyanu çox ciddir. Həqiqətən bu belədirmi?
-    Bəli çox ciddidir. Məncə, bu  da normaldır. Çünki o burada nəyisə yaxşılığa doğru dəyişmək istəyir. Əgər bir komandada disiplin olmasa, həmin komanda uğur qazana bilməz.

-    Avroliqada “Şiroki Briyeq”lə oyuna cəmi “Qəbələ” cəmi 20 nəfər sifariş edib. Səncə, bu mərhələ adlamaq üçün kifayətdir?
-    Bu sualı baş məşqçiyə versəniz, daha yaxşı olar. Fikrimcə, vacib olan yaxşı komandaya malik olmaqdır və bizdə də bu, var.

-    Rəqibiniz “Şiroki Briyeq”in oyunlarını izləyib, təhlil etmisinizmi?
-    Bizim qarşıda da vaxtımız var, təbii ki, rəqibi analiz edəcəyik. Ancaq bizim komanda “Şiroki Briyeq”dən daha güclüdür, fikrimcə ilk mərhələni keçəcəyik.  Əsas olan bizim necə oynamağımızdır.

-    Rəqiblə ilk oyununuz evdədir. Bu, sizin üçün avantaj sayıla bilər?
-    Məncə, bu bizim xeyrimizədir. Çünki ilk oyunda qalib gəlsək, səfərdə başqa taktika ilə oynayacağıq. Həm də azarkeş baxımından bizim üçün önəmlidir.

-    Sizə elə gəlmir ki, komanda müdafiəyə meyilli oynayır, hücumçularınız azlıq təşkil edir?
-    Məncə, biz ancaq müdafiə futbolu oynayıb əks-hücumlara bel bağlamırıq. Məşqlərdə də hücumların üzərində çalışırq. Komandada mən, Viktor Mendi və gənc futbolçulardan Camal kimi hücumçular var.  Cinahlarda da Nizami Hacıyev və Dodo kimi sürətli oyunçularımız var.

 
-    Qəbələ şəhərində yaşamaq çətin olmayacaq? Adətən, legionerlər bölgələrdə qalmağı xoşlamır?
-    Yaxşı yerdir, sakit şəhərdir, istirahət etməyimiz üçün hər cür şərait var.  Yaxşı istirahət edib, yaxşı futbol da sərgiləyəcəyik.

 
-    Amma burada diskoteka, əyləncə mərkəzləri yoxdur..
-    Biz bura futbol oynamağa gəlmişik. əgər diskotekaya getmək istəsəydik, Ruminiyada qalardıq (gülür)

-    Ruminiya çempionatında bombardir olmağı bacamısan. Bu uğuru burada da təkrarlaya biləcəksənmi?
-    İndidən bu haqda danışmaq üçün hələ tezdir, əlbəttə, istəyirəm ki, qol vurum və komandam qalib olsun. Bombardir olmaqdansa, komandanın qələbə qazanmağını istəyərdim.

-    Həm Rumıniyanın əsas çempionatında, həm də Almaniya II Bundesliqasında forma geyinmisən. Hansı çempionatın səviyyəsi daha yuxarıdır?
-    “Karslure”yə getməyi özüm istədim, çünki yeniliyə ehtiyacım var idi. Çünki almanların oyun üslubu tam başqadır. Orada ab-hava tam başqa olur. II Bundesliqa Ruminiyanın əsas çempionatından dəfələrlə yüksək səviyyədədir.

-    Ancaq bundan sonra karyeranda eniş baş verib. Bunun səbəbi nə idi?
-    Buna səbəb zədələnməyim oldu. Bu da normal haldır, hər futbolçunun yüksəlişi və enişi olur. Əsas odur ki, hazırda özümü yaxşı hiss edirəm və komandama kömək etməyə hazıram.

 
Yusif HÜSEYN

Xəbər xətti