- "Bakı"nın bir neçə futbolçusu mətbuata müsahibəsində klubda vəziyyətin qeyri-müəyyən olmasından gileylənərək komandanı tərk edəcəklərinə işarə vurublar. Hazırda klubda son durum necədir?
- Futbolçularla mən də söhbət etmişəm. Onlar istəklərini mənə deyiblər. Hələ ki, maliyyə məsələsi ilə bağlı çətinliklərimiz var. Ona görə də futbolçuların maaşları gecikir. Buna görə də onlar bir qədər gərgindirlər. Ancaq çalışırq ki, bu məsələlər həllini tapsın. Yaxın 1-2 gün ərzində hər şeyə aydınlıq gələcək. Məsələ ondadır ki, vaxt da əleyhimizə işləyir. Ölkə çempionatının 2014/2015 mövsümündə iştirak etmək üçün ərizəmizi AFFA-ya təqdim etməliyik. Bundan sonra püşkatmaya buraxılmalıyıq. Bundan əlavə əsas problemimiz odur ki, "Bakı"nın sabiq futbolçusu Aleksandr Tomovski bizdən UEFA-ya şikayət edib. FİFA isə bizə cərimə tədbiq edib. Həmin cərimə ödənilməsə, "Bakı"nın aktivindən altı xal silinəcək, eyni zamanda birinci dəstəyə düşəcək. Yəni bütün bu məsələlər yaxın bir həftə ərzində həllini tapmalıdır. Çünki artıq gözləməyə vaxt yoxdur. Həmin ödənişi FİFA-ya ödəməsək, Nizam-İntizam Komitəsinin qərarı qüvvəyə minəcək.
- Ola bilərmi "Bakı" həmin məbləği ödəyə bilməsin və Premyer Liqanı tərk etsin?
- Bu məsələdə ilk növbədə AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katibi Elxan Məmmədova ümidliyəm. Bu şəxslər həmişə bizə dəstək olublar. Əsasən son aylarda qarşılaşdığımız bu çətin məqamlarda AFFA-nın bizə xüsusi qayğısını qeyd etmək istəyirəm. UEFA-nın Nizam-İntizam Komitəsinin qərarının qüvvəyə minməsinə saylı günlər qalıb. İnanıram ki, AFFA bizi tək buraxmayacaq. Rövnəq Avdullayev və Elxan Məmmədovun bu məsələdə bizə yaxından kömək edə biləcəyinə inamım var. Ona görə də düşünürəm ki, məsələ yoluna qoyulacaq.
- "Bakı" məşqlərə başlasa da, baş məşqçi Milinko Pantiç Azərbaycana qayıtmayıb. Onun gəlişi nə vaxta nəzərdə tutulub?
- Pantiçin hələ ki, Azərbaycana qayıtmaması da bu məsələlərlə sıx bağlıdır. "Bakı" təlim-məşq toplanışı üçün Avstriyaya getməlidir. Hazırda fiziki hazırlıq üzrə məşqçimiz Avstriyada sənədləşdirmə işlərini aparır. Digər məşqçilər isə komandanı burada məşqə çıxarır. Bu məsələlər hamısı kompleks şəklində həll olunmalıdır. Pantiçin Avstriyada komandaya qoşulacağı nəzərdə tutulub. Məni ən çox narahat edən akademiyamızda olan 200-ə qədər futbolçunun məsələsidir. Bu uşaqlar ötən mövsüm aşağı yaş qruplarının bütün çempionatlarında medal qazanıblar. Diqqətli olmalıyıq ki, bu uşaqların da taleyi sual altında qalmasın.
- Artıq bəzi klublarımız təlim-məşq toplanışının ikinci mərhələsinə başlamaq üzrədir. "Bakı" isə hələ tam olaraq bir araya gəlməyib.
- Sözsüz ki, bəzi çətinliklər başa düşüləndir. Ancaq gəlin, çox da bədbinliyı qapılmayaq. Çünki "Bakı" böyük struktura malikdir. Hər cür şəraitimizin olması bizə əsas verir ki, bir az nikbin olaq. Amma təbii ki, hər şey maliyyəyə bağlıdır. Futbolçuları komandada saxlamaq üçün onlara şərait yaradılmalıdır. Düşünürəm ki, yaxın müddətdə problemlər aradan qaldırılacaq və "Bakı" Azərbaycan futboluna xidmət amalını davam etdirəcək.
- Rauf Əliyev və Əfran İsmayılov "Bakı"dan ayrılmaq istəmələrini gizlətmirlər. "Bakı" ilə müqavilasi olan bu futbolçuları komandada saxlamaq fikriniz var?
- Burada iki məsələ var. Rauf Əliyev, Cavid Hüseynov və Əfran İsmayılov həm maliyyə çətinliyini düşünür, həm də idddialı klublarda çıxış etmək istəyirlər. Yəni burda söhbət təkcə puldan getmir. Onlarla söhbətimdə bildirmişəm ki, sizin Azərbaycan millisinin futbolçuları olmağınızı nəzərə alırıq. Ancaq biz də çalışırq ki, mövcud problemləri həll edək. Sözsüz ki, onlar daha iddialı klublara getmək istəsələr, bu da problem olmayacaq. Bu məsələlər qarşılıqlı anlaşma, hörmətlə yoluna qoyulmalıdır. Çünki bu futbolçularla uzun müddətdir ki, bir kollektivdəyik, çox yaxşı münasibətimiz var. Maliyyəyə görə münasibətlərin korlanması düzgün deyil. Adlarını çəkdiyim futbolçular puldan daha çox iddialı klub barəsində düşünürlər. Onları yaxşı başa düşürəm. Düzgün fikirləşirlər. Ancaq həyat davam edir. "Bakı"nın problemləri yəqin ki, yaxın günlərdə həllini tapacaq və "Bakı"sevərlər məyusluqdan qurtaracaqlar.