Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis sabahkı oyun haqda fikirlərini açıqlayıb.
- Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibiniz "İnter" haqda nə deyə bilərsiniz?
- "İnter" səviyyəli futbolçulara malik yaxşı komandadır. Onlar müdafiəni yaxşı təşkil edirlər. Topu ələ keçirdikdən sonra isə sürətli hücumalara çıxırlar. Lazım olanda topa nəzarət etməyi bacarırlar. Biz ilk növbədə qol buraxmamalı və hücumdakı şanslardan maksimum yararlanmağa çalışmalıyıq. Ümid edirəm ki, stadiona gələn azarkeşlər matçın ilk dəqiqəsindən sonunadək bizi dəstəkləyəcəklər. Onlar da bizə bu oyunda müsbət nəticə qazanmaqda kömək edə bilərlər.
- İlk dəqiqələrdən üstünlüyə yiyələnib, oyuna nəzarəti ələ ala biləcəksiniz?
- Biz hər zaman oyuna nəzarət etməyə çalışmışıq. Aydın məsələdir ki, bəzən öz cərimə meydançamızın yaxınlığında müdafiə olunacağımız anlar da olacaq. Onların bütün oyunu müdafiədən qurub-qurmayacağını bilmirəm. Düzdür, "İnter" yaxşı müdafiə olunmağı bacarır. Üstəlik topla da yaxşı rəftar edirlər. Düşünürəm ki, bəzən sürətli hücumlar olacaq. Daha sonra isə oyunda qısa fasilələr yarana bilər.
- Ötənilki təcrübənizi nəzərə alsaq, səfərdəki cavab oyunu üçün burada sərfəli nəticə qazanmağa çalışacaqsınız...
- Başa düşürsünüz, biz fiziki cəhətdən 100 faiz hazır deyilik. Lakin psixoloji, texniki və taktiki cəhətlərdən tam hazırıq. Qarşılaşmanın əvvəlindən irəli atılsaq, hər iki hissədə bu tempdə oynamağı çatdırmayacağıq. Əlbəttə, doğma meydanda yaxşı nəticə qazanmalıyıq, ancaq ilk növbədə qol buraxmamalı və şanslarımızdan yararlanmalıyıq. Ötən mövsümkü tarixin təkrarlanmasını istəmirəm. Həmin vaxt evdə qol buraxdığımız üçün səfərdə böyük qüvvə ilə irəli atılmalı olduq. Nəticədə rəqib çoxlu sayda təhlükəli əks hücumlar təşkil etmişdi. Yavaş oynayacağımızı deyə bilərəm, amma ilk növbədə müdafiəyə diqqət yetirməliyik.
- Yeni transferlər Avropa Liqasına hesablanıb?
- Bəli. Bizim bir ay vaxtımız var idi. Gələn futbolçular komandanı bir qədər də gücləndirib. Düşünürəm ki, ötən illə müqayisədə daha güclü olmuşuq. Komandada qalan futbolçular da öz səviyyələrini artırıblar.
- "İnter"i keçsəniz, növbəti mərhələdə daha əvvəl qarşılaşdığınız “Elfsborq”la üz-üzə gələcəksiniz. Bu haqda düşünürsüz, yoxsa hələlik yalnız qarşıdakı oyunlara köklənmisiz?
- İlk növbədə sabahkı oyunu düşünürəm. Sonra isə Bakıdakı oyunu fikirləşəcəm. İstənilən halda, mən “İskra-Stal”ı çalışdırdığım dönəmdə “Elfsborq” fərqli komanda idi. İsveç təmsilçisi də o vaxtdan xeyli dəyişib.
- “İnter” də son illərdə çox dəyişib?
- Mən bu komandanın 7-8 oyununu izləmişəm. Daha sonra futbolçularıma rəqibə qarşı necə oynamağın yollarını izah etmişəm. Rəqib haqda kifayət qədər məlumatımız var. Yəqin ki, onlar da bizim haqda məlumatlıdırlar.