Hafiz Məmmədov yazılı açıqlama verdi: "Dəyişikliklər aparacağımdan əminəm"

00:36 - 7 İyul 2014

Martel tənqidlərə tuş gəlib
 
"Bakı" klubunun prezidenti Hafiz Məmmədov əsas səhmdarı olduğu Fransa "Lans"ının rəhbərliyində dəyişiklik etməyi qərara alıb.
 
Sportal.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, bununla bağlı azərbaycanlı iş adamı yazılı açıqlama yayıb.
 
Açıqlamada "Lans"ın hazırkı prezidenti Jerve Martelin son olaylarda tutduğu mövqe tənqid olunub. Məmmədov "Lans"ın Fransanın yüksək liqasında iştirakına dair bütün təminatları verdiyi halda, İdarəetməyə Nəzarət üzrə Milli Direktorat tərəfindən klubun elitaya buraxılmamasında Marteli günahkar sayıb.
 
Məmmədov məktubunda yazıb: "Baş vermiş olaylar fonunda "Lans" rəhbərliyində dəyişikliklər aparacağımdan əminəm. Dəyişikliklər tezliklə elan olunacaq. Klubun baş sponsoru və səhmlərinin böyük hissəsinin sahibi kimi maraqlarımın lazımi qaydada təmin olunduğunu və maraqlarıma cavab verildiyini hiss etmirəm".
 
Klubun sahibi "Lans"ı yüksək liqaya qaytarmaq üçün bütün lazımi işləri görəcəyinə və ondan şəxsi məqsədləri üçün istifadə etməyəcəyinə söz verib.(Sportnet.az)

Xəbər xətti