"İnter"in futbolçusu: "Xəzər Lənkəran"ın sahibinin 20 neft tankeri var" FOTO

17:42 - 7 İyul 2014

Şpiçiç: "Ən məşhur investorlardan biri “Bakı”nın sahibi Hafiz Məmmədovdur"
 
"İnter"in futbolçusu Matiya Şpiçiç Xorvatiya mətbuatına geniş müsahibə verib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan karyerası haqqında da danışan 26 yaşlı sol cinah müdafiəçisi Berti Foqtsun onu yığmamızda görmək istəməsinə də münasibət bildirib:
 
"Ən azından bir gün Azərbaycanda oynayacağıma dair ümidim vardı. Düzdür, buna şübhə ilə yanaşırdım. Ancaq hər şey istədiyim kimi oldu. Bakıda keçirdiyim 1 ildən sonra başa düşdüm ki, Azərbaycandakı həyat mən təsəvvür etdiyim tamamilə fərqlənir. Bəli, baxmayaraq ki, biz çempionata çox pis başlamışdıq. Biz sonda Avroliqada mübarizə aparmaq hüququ qazandıq. “İnter” hər il Avropada oynayır. Bu il də biz Avroliqanın I təsnifat mərhələsindən mübarizəyə başlamışıq".
 


Futbolçu digər məqamlara da toxunub:
 
"Bizim əsas sponsorumuz Azərbaycanın ən böyük bankıdır. “Neftçi”nin sponsoru ən böyük neft ticarəti ilə məşğul olan şirkətdir. “Xəzər Lənkəran”ın sahibinin 20 neft tankeri var... Çox oyunçu ora gedir. Çünki Azərbaycanda pulların ödənilməsi problem deyil. Halbuki bu, Qərbin ortabab klublarının çoxunda problemdir. Çox klubda səviyyəli əcnəbi futbolçular oynayır. Çempion olan Reynaldo “Anderlext”də çıxış edib, “Bakı”nın mərkəz müdafiəçisi Ruben “Real”la 2002-ci ildə Çempionlar Liqasında qalib olub. “Osasuna”, “Betis”də çıxış etmiş oyunçuları var... Orda ilinə 800 mindən 1 milyon avroya kimi alanı var. İdmana çoxlu pul yatırılır. Azərbaycan bütün çempionatları keçirməyə namizəddir. Bakıda növbəti il Formula 1 keçiriləcək, Avropa Oyunları təşkil olunacaq. O cümlədən aşağı yaş qruplardan ibarət yığmalar üzrə dünya çempionatı, velosiped turları, voleybol və futzal üzrə “Dördlər Finalı” keçirilib... Bakının ətrafında hər şey edilir və yeni Dubay qurulur. Əlbəttə ki, ən məşhur investorlardan biri “Bakı”nın sahibi Hafiz Məmmədovdur. O həmçinin Madrid “Atletiko”sunun ortaqlarındandir, komandanın formalarına reklam yerləşdirir. “Atletiko”ya ilinə 20 milyon avro ayırır, oğlunun ad günündə isə “Lans”ı aldı. Bir az əvvəl isə “Şeffild Yunayted”i (əslində, “Şeffild Uensdey” – red.) 50 milyon avroya aldı, növbəti hədəf isə “River Pleyt”dir"

Xəbər xətti