Muntyanu "İnter"i araşdırmağa başladı

23:15 - 19 İyul 2014

"Başqa yeni futbolçu və ya futbolçuların da yaxın zamanda bizə qoşulması gözlənilir"
 
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu hazırda Hollandiyada təlim-məşq toplanışını davam etdirən komandanın hazırlıq durumu, məşqlərin gedişi və digər məsələlər barədə gabalafc.az-a açıqlama verib.
 
Sportal.az rumıniyalı mütəxəssisin fikirlərini sizlərə təqdim edir:

"Hazırlığımız plana uyğun olaraq davam edir. Komanda səylə, əzmlə çalışır. Futbolçuların çalışqanlığından razıyam. Bu gün futbolçular laktat testdən keçirildi. İki gün ərzində bu testin cavablarını alacağıq. Bundan sonra komandanın fiziki durumunun hansı səviyyədə olduğu bizim üçün tam aydın olacaq. Hazırda komandanın komplektləşməsi üzərində çalışırıq. Heyətdə yeni futbolçular var. Başqa yeni futbolçu və ya futbolçuların da yaxın zamanda bizə qoşulması gözlənilir. Məqsədimiz komandanı çempionatın startınadək maksimum yaxşı duruma gətirməkdir".

Baş məşqçi Premyer Liqanın ilk həftəsində "Qəbələ"nin üz-üzə gələcəyi rəqib - "İnter" barədə düşüncələrini də söyləyib:

"Rəqibimiz qısa müddətdir ki, müəyyənləşib. Yəni püşkatmanın üzərindən bir gün keçib. "İnter" güclü komandadır. Hazırda rəqibimizin araşdırılması istaqamətində işlər görürük. Məşqçi heyəti ilə "İnter"i ətraflı şəkildə analiz edəcəyik. Onların güclü və zəif tərəflərini araşdıracağıq. Çempionata yaxşı, uğurlu nəticə ilə başlamaq istəyirik. İşlərimizi də bu istiqamətdə qururuq".

Xəbər xətti