Türkiyə klubu yalan məlumat verdi, futbolçularımız həmin komandaya keçməyib!

13:17 - 21 İyul 2014

"Hazırda onlarla rəsmi sözləşmə imzalamamışıq"
 
“Rəvan”ın 2 futbolçusunun Türkiyəyə üz tutduğu barədə məlumat vermişdik.  Kamal Bayramovla Ayaz Mehdiyev Türkiyənin PTT liqasında çıxış edən “Girəsunspor” klubuna transfer olunublar. Bu barədə klubun rəsmi saytında da məlumat yerləşdirilib.

“Rəvan” rəhbərliyi isə bu transferləri tam qanunsuz sayaraq, FİFA-ya şikayət edəcəyini bildirmişdi. Klub rəhbərliyi futbolçuların “Rəvan”la müqaviləsinin bitmədiyini, transferin qanunsuz olduğunu bildirmişdi.

Sportal.az xəbər verir ki, bu transferlər ətrafında qalmaqal böyüyür. Artıq “Girəsunspor” rəhbərliyi futbolçularla müqavilə bağlamadıqlarını iddia edir. Komandanın prezidenti Mustafa Temel “Futbol+” qəzetinə verdiyi açıqlamada belə deyib:

“Onları “Girəsunspor”a dəvət edərkən müqavilələri olduğunu bilmirdik. Hazırda onlarla rəsmi sözləşmə imzalamamışıq. “Rəvan” verməzsə, onsuz da onları geri göndərəcəm. Mən onlarla müqavilə imzalamamışam.  Qaydalara görə, klub futbolçuları sərbəst buraxmazsa, bizimlə müqavilə bağlaya bilməzlər. Düzdür, onlar hazırda Türkiyədədi, amma anlaşmağa ixtiyarımız yoxdur”.

Təqdim etdiyimiz şəkillər klubun rəsmi saytından götürülüb. Saytda yerləşdirilən xəbərdə bildirilir ki, klub azəri futbolçularla anlaşıb. Ancaq indi nədənsə şəkildə futbolçularla birgə olan klub prezidenti bunu danır. (Publika.az)
 

Xəbər xətti