Dias: "Qurban Qurbanov mənə bir ata kimidir" MÜSAHİBƏ+FOTOLAR

12:06 - 23 İyul 2014

"Qarabağ"da oynamaq hamıya nəsib olmur"
 
"Qarabağ"ın hücumçusu Danilo Diasın Sportal.az-a müsahibəsi:
 
-    “Valletta” üzərində böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəldiniz. Oyun haqda fikirlərini bildirərdin?
-    İlk olaraq, Allaha təşəkkür edirəm. Biz komanda olaraq, bir ailəyik və bu oyunda da birliyimizi göstərib qələbə qazadıq. Belə bir komandaya gəldiyim üçün hər gün Allaha şükür edirəm. Bu komanda üçün əlimdən gələni edəcəyimə söz veriərəm, çünki “Qarabağ” ən yaxşılarına layiqdir.
 

-    Belə başa düşdüm ki, komandaya tez uyğunlaşmısan?
-    Bəli, amma bir az da vaxt lazımdır. Hər gün öz üzərimdə çalışıram ki, oyunlarda tam gücümü ortaya qoyum. Tez uyğunlaşmamın səbəbi də komandanın bir ailə kimi olmasıdır, burada yaxşı mənada nə axtarsa, taparsan. Baş məşqçi Qurban Qurbanov bir ata kimidir. Ümid edirəm, daha da yaxşı formada olacam. Bu komandada olmaq hamıya nəsib olmur.

-    Komandada rəsmi oyunlarda ilk qoluna imza atdın..
-    Bunun üçün xoşbəxtəm, həm qol vurdum. Həm də düşünürəm ki, yaxşı oyun sərgilədim. Amma mənə qol vurmaqdan çox qələbə lazım idi. Qolu kim vurursa, vursun əsas odur qələbə qazanaq. Növbəti oyunlarda da bunun üçün əlimizdən gələni edəcəyik.

 

-    Bu oyunda stadionun çox hissəsi azarkeşlərlə dolu idi..
-    Bəli, hər birinə təşəkkürümü bildirirəm stadionda gözəl atmosfera yaratmışdılar. Qələbə qazanmağımız üçün hər cür şərait var idi və bunu da etdik. Ümid edirəm ki, növbəti oyunlarda da azarkeşlər bizi tək qoymayacaqlar və bizi sona qədər dəstəkləyəcəklər.

-    Növbəti rəqib Avstriya çempionu “Zalsburq”dur. Bu haqda nə deyə bilərsən?
-    Onu deyə bilərəm ki, biz “Zalsburq”la oyuna yox, “Valletta” ilə oyuna köklənmişdik. Hələlik rəqib haqda elə də çox məlumatım yoxdur. Onları öyrənmək üçün 1 həftə vaxtımız var və bugündən “Zalsburq”la oyunun hazırlıqlarını başlayacağıq. İlk oyunda sərfəli nəticə əldə etməliyik.
 
Yusif HÜSEYN

Xəbər xətti