“Mən indi Sloveniyadayam. Bax bu xəbər düzdür. Özüm Adriatik dənizinin sahillərinə gəlmişəm ki, həm bir az istirahət edim, həm də oyuna baxım. Özü də bu mənim Sloveniyaya ilk səfərim deyil, 5-ci dəfədir ki, bu füsunkar ölkəyə səfər edirəm. Amma mən "Neftçi"yə vitse-prezident təyin olmamışam. Heç Tahir Süleymanovun gedişindən sonra boş qalan bu postda gözüm də yoxdur. Elə bilirsiniz ki, bu vəzifədə işləmək asan məsələdir? "Neftçi"də bu vəzifəni icra etmək üçün təkcə peşəkar olmaq, futbolu bilmək əsas şərt deyil. Cari və gündəlik məsələlərdə də "peşəkar" olmalısan. Sizə tam səmimi deyirəm: Tahirin gedişindən sonra boş qalan bu post mənə təklif olunmayıb, olunsada belə, razılıq verməyəcəm. Yenə deyirəm, bura özüm gəlmişəm və planımda var ki, iki həftədən sonra Avstriyaya gedib "Qarabağ"ın "Zalsburq"la oyununa baxım. Yəqin onda da, məni "Qarabağ"a vitse-prezident qoyacaqlar? "Neftçi", "İnter" və "Qarabağ"a Avropa meydanlarında yalnız uğurlar arzulayıram!”