Rövnəq Abdullayevin oğlu da eyni səhvi təkrarlayır

13:19 - 9 Sentyabr 2016

Hələ heç vaxt elə olmayıb ki, futbolumuz barədə ağız dolusu danışaq. Həmişə elə hey narazılıq etmişik. Fuad Musayevin də dövründə, Ramiz Mirzəyevin də, indi də Rövnəq Abdullayevin rəhbərliyində üzümüz gülmür ki, gülmür. Düzdü, dövlət futbola əl qoyandan sonra maliyyə artdı, sponsorların hesabına azarkeşlər bu gün “Qarabağ” və “Qəbələ”yə baxıb təsəlli tapırlar. Amma AFFA... Hələ də normal futbol oynaya bilən milli komanda yarada bilməyiblər, çempionatın səviyyəsi çox aşağıdı, Premyer Liqada iştirakçı sayı 8-ə enib. “Qarabağ” və “Qəbələ”nin uğurlarına AFFA-nı şərik eləsək, Tahir Gözəl və Tale Heydərovun haqqına girmiş olarıq. Adamlar əziyyət çəkib klub qurmayıblar ki, kim(lər)sə onların uğurunu öz adına çıxarsın.

 

Rövnəq Abdullayev futbolumuzu ilbəil geri aparır. Əslində, gerçəklik bir qədər fərqlidir. Futbolumuzu pis günə qoyan Məmmədov Elxandı, məsuliyyət daşıyan isə Abdullayev Rövnəq. Hamı bilir ki, Rövnəq Abdullayev külli-ixtiyarı verib Elxan Məmmədovun əlinə. O da gündə bir eksperiment eləyir futbolumuzda. Ən pisi də odur ki, hamısı uğursuz olur. Beləcə, aylar keçir, illər keçir, futbolumuz yerində sayır.

 

İndi də Rövnəq Abdullayevin oğlu futbol təsərrüfatına təşrif buyurub. Onu “Səbail” klubunun Müşahidə Şurasının sədri seçiblər. Zaman-zaman mediada onun haqqında xoşagəlməz xəbərlər yayılsa da, əslində, Rəşad Abdullayev yaxşı təhsilə sahib, işgüzar adamdı. Müxtəlif layihələrə rəhbərlik edir. Onun başçılıq etdiyi qeyri-kommersiya təşkilatı olan Azərbaycan Insan Kapitalının Inkişaf Mərkəzinin (AZEDER) fəaliyyəti çox effektivdir. Rəşad Abdullayevin bu layihəsini diaspora fəaliyyəti kimi də dəyərləndirmək olar.

 

Belə bir adamın birdən-birə futbola gəlişini anlamaq çətindir. Bu nədir? Yeni dəbdir? Müşahidə Şurası şoumen və həvəskarlardan qurulmuş “Səbail”in nə qədər ciddi klub omasını bir kənara qoyuruq. Ümumiyyətlə, futbol Rəşad Abdullayevin nəyinə lazımdır? Yəni, o başa düşmür ki, digər sahələrdə qazandığı hörməti gəlib futbolda xərcləyəcək. Yəni, atası onun üçün acı nümunə deyil? Rövnəq bəy SOCAR rəhbəri kimi eşitmədiyi tənqidləri AFFA rəhbəri kimi eşidir. Deyilənə görə, Rövnəq Abdullayev dəfələrlə futboldan getmək istəyib, ancaq icazə verməyiblər. İndi də oğlu eyni səhvi təkrarlayır. Futbol çox çətin sahədir. Peşəkarlıq, ciddi iş, zaman tələb eləyir. Rəşad Abdullayev bu yükün altına girməyə hazırdımı?

 

Həmid

 

Xəbər xətti