"Neftçi"nin sabiq baş məşqçisi Vəli Qasımovun "Report"a müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Səhhətiniz necədir, özünüzü necə hiss edirsiniz?
- İndi yaxşıyam. Ev şəraitində müalicəmi davam etdirirəm. Demək olar ki, indi hər şey qaydasındadır.
- Xaricə yollanacağınız haqda məlumatlar yayılıb. Bunlar nə dərəcədə həqiqətə uyğundur?
- Bəli, belə bir söhbət var. Amma bu, aldığım təkliflərlə bağlıdır. Hazırda adını açıqlamaq istəmədiyim klubla danışıqlar aparılır. Müsbət nəticələnsə, işləmək üçün gedəcəm.
- Bu iş futbol sahəsində olacaq, yoxsa fərqli peşədir?
- Mən futbol adamıyam, işim də futbolla bağlıdır. Bundan sonra da futbolla məşğul olacağam.
- Gedəcəyiniz ölkə İspaniya deyil?
- Bu haqda açıqlama vermək istəmirəm. Bir müddətdən sonra hər şey aydınlaşacaq. O zaman ətraflı məlumat verə bilərəm.
- Sabiq klubunuz "Neftçi"də yeni təyinatlar oldu. Bunlarla bağlı nə deyə bilərsiniz?
- Klubda işləyən hər kəsə, eləcə də yeni təyin olunmuş insanlara uğurlar arzulayıram. İndi "Neftçi"nin vəziyyəti yaxşı deyil. Bu komandaya, sadəcə, dəstək lazımdır. Dəstək olandan sonra bütün məsələlər həllini tapacaq.
- Komanda qalib gələndə futbolçular, uduzanda isə baş məşqçi ön plana çıxır. "Neftçi"nin uğursuzluğunun səbəbini özünüzdə görürsünüz?
- Həmin oyunda mən olsaydım, bu nəticə qeydə alınmayacaqdı. Başqa məsələlər də var ki, bu barədə danışmaq istəmirəm. Ancaq əminliklə deyirəm ki, mən oyunda olsaydım, bu nəticə qeydə alınmayacaqdı.
- Başqa məsələ dedikdə, "torbatikmə" variantını nəzərdə tutursunuz?
- Bununla bağlı danışmaq istəmirəm.
- Bəs "Qəbələ" ilə oyundakı 0:8 hesablı məğlubiyyət haqda danışa bilərsiniz? Özünüz stadionda deyildiniz...
- Oyuna xəstəxanada baxırdım. Bir daha deyirəm, mən olsaydım, "Neftçi" 0:8 hesabı ilə uduzmazdı.