Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə “İnter”ə uduzan (1:2) “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, Abdullayev oyunla bağlı bunları deyib:
- İlk növbədə rəqib komandanı təbrik edirəm. Son dəqiqələrdə uduzmaq çox üzücüdü. Təəssüf ki, azarkeşləri sevindirə bilmədik. Ancaq mən bugünkü oyundan razı qaldım. Səhvlərimizi bilirəm. Gələn oyunlarda bu səhvləri aradan qaldırmağa çalışacağıq. Bu gün heyətdə 14 futbolçu var. Jayronun zədəsi var idi. Onu kiminlə əvəzləməli idim? Ehtiyat oyunçular skamyamız çox qısadı.
- 0:8 hesablı məğlubiyyət daha şok effekti yaratdı, yoxsa son 5 dəqiqədə buraxılan qollarla uduzmaq?
- Əlbəttə bu oyundakı məğlubiyyət daha böyük şok effekti yaratdı. 0:8 hesablı məğlubiyyətdə ilk 15 dəqiqədən sonra bilirsən ki, artıq uduzmusan. Ancaq bu günkü məğlubiyyət daha çox şok effetkti yaratdı. Bu gün oyunçular istəkli idi.
- Rəhbərlik komandanın qarşısna hansı vəzifəni qoyub? Heyətdə çatışmazlıq olduğunu dediz. Niyə əvəzedici heyətdən oyunçu cəlb etmirsiz?
- İlk öncə komandanı bu psixoloji vəziyyətdən çıxarmaqdı. Məncə, bunu bacardıq. Komandanın meydandakı oyunu bunu sübut edir. O ki, qaldı əvəzedicidən kimisə komandaya cəlb etməyə, məncə, bu, hələ ki tezdi.
- Oyunçuların sonadək mübarizə apara bilməməsinin səbəbi nədi? Bunu əvvəlki məşqçilərin futbolçuları çox yükləməsiylə bağlamaq olar?
- Məndən öncə işləmiş həmkarlarımı tənqid etmək istəmirəm. Onlara hər şeyə görə təşəkkür edirəm. Bəlkə də, onların komandadan tələbi başqa idi. Ancaq vəziyyət tək futbolçuların fiziki hazırlığında deyil. Əsas problem odu ki, ehtiyat qüvvə yoxdu. Baxın “İnter”in ehtiyat oyunçular skamyasına. Bizdə heç əsas heyətdə Nizami Hacıyev səviyyəsində oyunçu yoxdu. Qışda öz istədiyim heyəti yığandan sonra buna mən cavabdeh olacam.
- Azad agent olan futbolçuları indi də komandaya cəlb edə bilərsiz? İlk hansı mövqeni gücləndirmək istəyərdiz?
- Bütün mövqeləri. Bir komandada bir mövqeyə ən azı 2 oyunçu olmalıdı. Azad agent olan futbolçu özünə klub tapa bilməyənlərdi. Deməli, fiziki cəhətdn zəifdi ki, özünə klub tapa bilməyib. Başqa ölkədən edə bilərik, Cənubi Amerikadan, Afrikadan. Ancaq onların da hansı səviyyədə olduğunu bilmək olmaz.
- Əsasən, hansı oyunçulara üstünlük verəcəksiz? Legioner yoxsa yerli?
- Mənim üçün fərqi yoxdu. Əsas odu, yaxşı futbolçu olsun.
- Meydanda oyunçuların yerini tez-tez dəyişirdiz. Bu, daha çox Prosineçkinin millidəki gedişlərinə oxşadı.
- Yox, bu, milliylə bağlı deyil. Sadəcə, oyunçuların mövqeyini tez-tez dəyişməyə məcbur olurdum. 86-cı dəqiqədə müdafiəçini dəyişməzlər. Ancaq mən Jayronu dəyişməyə məcbur oldum.
- Katalin Tira bu gün yox idi...
- Onun qızdırması var idi. Buna görə kənarda qaldı.
- Hansısa oyunçunu zəif oyununa görə əvəzedici heyətə göndərmək olar?
- Mən buna düzgün baxmıram. Əvəzedici heyət “dizbat” deyil ki, zəif oynayan futbolçunu ora göndərək. Həm də, onsuz da, heyətimiz kasaddı. Futbolçuları əvəzediciyə göndərsəm, kim oynayacaq? Özüm oynayacam?
- Həm yığmada, həm də “Neftçi”də çalışmaq sizə çətinlik yaratmayacaq.
- Düşünmürəm ki, bu, çətinlik yaratsın. Planla işimizi görəcəyik. Millidə 10 gün işləyib qayıdıram.
- Hər iki qol Məqsəd İsayevin səhvindən vuruldu. Onu buna görə məzəmmət etdiz?
- Yox, əkisnə, futbolçulara təşəkkür etdim, dəstək verdim. O, gənc oyunçudu. Onu “sındırmaq” olmaz. Heç bir futbolçu səhv etmək istəməz. Kimsə səhv etməliydi, bu gün Məqsəd səhv etdi.
- Düşünmürsüz ki, bu gün “Neftçi”dəki legionerlər çox zəifdi?
- Yola salmaqla iş getmir. Bu futbolçuların komandayla müqaviləsi var. Onlarda günah görmürəm. Bəlkə də, onlardan düzgün istifadə etməyiblər. Məsələn, Jayronun 8 kq artıq çəkisi var. Bəlkə də, bu çəkinu atdıqdan sonra Azərbaycanda ən yaxşı legioner olacaq. Onları göndərmək komandaya maliyyə cəhətdən ziyan da vura bilər.
- Düşünmürsüz ki, avrokuboklara vəsiqə çox çətin olacaq?
- Nə edə bilərik? Başqa yolumuz yoxdu.
- Sadəcə, bu vəziyyətdə 1 illik müqavilə bağlamağınız maraqlıdı...
- Müqavilə formal bir şeydi. Mən öz gücümə inanıram. Bilirəm nə etmək lazımdı.
- Növbəti turda sizin kimi autsayder olan “Sumqayıt”la oyunda hansı nəticəyə ümid edirsiz?
- Təəssüf edirəm ki, “Neftçi”yə autsayder deyirsiz. Həmin oyunda hücum futbolu sərgiləyəcəyik. Əsas məqsədimiz qələbə olacaq.