Azərbaycan kubokunun 1/4 final mərhələsində “Kəpəz” sabah “İnter”in qonağı olacaq.
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Şahin Diniyev oyun öncəsi klubun saytına açıqlama verib:
“Bizim futbolçuların zədədən dönməsi çox vacibdir. Ümid edirdim ki, zədəlilərdən ən azı ikisi qarşıdakı oyun üçün hazır olacaq və belə də oldu. Renan Alves və Azad Kərimovun zədəsi sağalıb, onlar artıq bir neçə gündür ki, komanda ilə birgə məşq edirlər. “Kəpəz” bir futbolçudan, o cümlədən Dario Frederikodan asılı komanda deyil. “Neftçi” ilə sonuncu çempionat matçımız bir daha göstərdi ki, meydançaya çıxan oyunçu layiqincə mübarizə aparacaqsa, nəticə də olacaq. Bu gün futbolda fərdlər yox, kollektiv qalib gəlir. Ustalıqla tək iş aşmır, istək və əzmkarlıq da lazımdır. Həvəsi olan komanda qalib gəlir.
“İnter”lə cari çempionatda iki dəfə heç-heçə oynamışıq. Şanslar bərabərdir, həm rəqib, həm də biz kubokda israrlıyıq, irəli, özü də daha uzağa getmək istəyirik. Avropa Liqasına vəsiqə qazanmağın ən yaxın yolu budur. “Kəpəz” olaraq son şansımıza qədər mübarizə aparacağıq. Mənə elə gəlir ki, bu cütün oyunları yarımfinala yox, finala yaxın matçlar olacaq”
saytlarin hazirlanmasi