Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən "Sumqayıt" - "Zirə" matçından (1:0) sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib.
Sportal.az xəbər verir ki, 4-cü pilləyə yüksələn komandanın çalışdırıcısı yetirmələrindən razı qaldığını gizlətmədi.
- Sevinirəm ki, mövsümün ilk yarısını 4-cü yerdə bitirdik. Tətilə yüksək əhval-ruhiyyədə yollanmağı bacardıq. Hava şəraiti futbol üçün əlverişli deyildi. Belədə, vuruşmaq, əzmkarlıq göstərmək lazım idi ki, bunu da uşaqlar etdi. Tələsməyək, çünki bu, marafonun yarısıdı. Bu mövqeyi finişədək qorusaq, onda bayram etməyə dəyər.
- Həmkarınız dedi ki, qələbəni "Sumqayıt"a hakim hədiyyə etdi...
- Penalti epizodunu nəzərdə tutubsa, bunu şərh edə bilmərəm. Epizoda təkrar baxmaq lazımdı. Onların cəmi bir epizodu oldu ki, top tirdən döndü. Qələbəmizə kölgə salmasınlar. Sözüm Adil müəllimə aid deyil. Amma bizim qələbəmizə kölgə salanlar o kölgənin içində ölüb batsın.
- Qış fasiləsi planlarınız barədə danışardınız...
- Təlim-məşq toplanışını ölkə xaricində keçəcəyik. Ancaq xeyli futbolçu cəlb edə bilməyəcəyik. Çünki rəhbərliklə danışmışam və maddi cəhətdən böyük yatırımlar edilməyəcəyini bildirdilər. (Rekord.az)
saytlarin hazirlanmasi