"Kəpəz"in braziliyalısı: "Məğlubiyyətin məsuliyyəti mənim üzərimdə qaldı"

16:40 - 20 Dekabr 2016

Azərbaycan Premyer Liqasının XIV turunda “Qəbələ” ilə səfərdə keçirilən və “Kəpəz”in məğlubiyyəti ilə nəticələnən oyun yəqin ki, daha çox bir futbolçunun yaddaşında dərin iz buraxacaq.

 

Sportal.az xəbər verir ki, söhbət Renan Alvesdən gedir. Braziliyalı çətin ki, dekabrın 17-də reallaşan matçı tez unudar. Səbəbini oyunçunun özü klubun rəsmi saytına açıqlamasında bildirib:

 

“Qəbələ” ilə oyun günü mənim üçün özəl gün idi. Bildiyiniz kimi, doğum günümü qeyd edirdim. Təbii ki, uğurlu nəticə qazanıb bunu özümə hədiyyə etmək istəyirdim. Təəssüflər olsun ki, alınmadı, hətta deyərdim daha pis alındı. İki penalti və qırmızı vərəqə heç yerinə düşmədi. Karyeramda belə şey olmamışdı. Ad günümdə nə vaxtsa bu qədər üzüldüyüm yadıma gəlmir. Məğlubiyyətin məsuliyyəti mənim üzərimdə qaldı”.
 
Hər iki komanda üçün ilin son çempionat oyununda nəticəni qapılara təyin olunan üç 11 metrlik cərimə zərbəsi həll etdi. İki zərbəni dəqiq yerinə yetirən ev sahibləri yekunda 2:1 hesabı ilə qələbə qazandılar: “Kənardan elə görünür ki, rəqibin qələbə qazanmasına mən kömək etdim. Əslində elə deyil. Mən hər oyunda “Kəpəz”in qələbəsi üçün çalışıb, əlimdən gələnin ən yaxşısını etməyə səy göstərirəm. Amma bu dəfə başqa cür oldu”.
 
Renan “Kəpəz” azarkeşlərinin dəyər verdiyi, sevdiyi futbolçular arasındadır. Elə məğlubiyyətə baxmayaraq matçdan sonra fanatlar müdafiəçiyə təsəlli verərək, dəstək olublar: “Mənim üçün iki penalti və qırmızıya görə çətin gün olmuşdu. Amma azarkeşlər verdikləri dəstəklə mənə mənəvi cəhətdən dayaq olduqlarını göstərdilər. Bu, futbolçuya güc verir. Mütləq geri dönüş edəcəyəm”.

Xəbər xətti