Elşad Əhmədov: "Əsas məqsədimiz gəncləri komandamıza qazandırmaqdır" MÜSAHİBƏ

“Sabah” Antalya toplanışını başa vurdu. Yanvarın 2-dən Türkiyədə olan paytaxt klubu toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınadı. “Sabah” Türkiyənin “Eskişehirspor” (1:0) və Macarıstanın “MTK Budapeşt” (3:1) klublarını məğlub edib, Qazaxıstanın “Tobol” (2:2) və İsveçrənin “Syon” klubunun (4:4) U-21 komandası ilə heç-heçə etdi.

 

Sportal.az xəbər verir ki, Premyer Liqanın debütantının baş məşqçisi Elşad Əhmədov klubun mətbuat xidmətinə müsahibəsində Antalya toplanışını dəyərləndirib:

 

- Təlim-məşq toplanışına yanvarın 2-dən başladıq. İlk 10 gün fiziki hazırlıq üzərində çalışdıq. Sonrakı günlərdə isə taktiki-texniki hazırlığa üstünlük verdik. Bu müddətdə 4 yoxlama görüşü keçirdik ki, bunların da 2-də qalib gəlib, 2-dən heç-heçə ilə ayrıldıq. Çox şükür, oyunları zədəsiz başa vurduq.

 

- Antalyadakı təlim-məşq toplanışından razı qaldız? 
- Bəli, təlim-məşq toplanışından razı qaldım. Futbolçular bu hazırlıqda canla-başla çalışdılar. Yalnız hava ilə bağlı bir az çətinliyimiz oldu. Güclü yağış səbəbindən bir neçə məşqi fitnes zalında keçməli olduq.

 

- Yoxlama oyunları barədə nə deyə bilərsiz?
- Maraqlı oyunlar oldu. Xüsusilə, 2 və 3-cü oyunlarda rəqibərimizin səviyyəsi daha güclü idi. Həmin qarşılaşmalar komandamın real gücünü görmək baxımından daha əlverişli oldu. Ümumi götürəndə, oyunlarımızdan razı qaldım. Sonuncu, 4:4 hesablı heç-heçə etdiyimiz qarşılaşma da məni razı saldı. Qol buraxsaq da, komandamın 4 qol vurması sevindiricidi. Ümumilikdə, 4 oyuna 10 qol vurduq. Hücum xəttində irəliləyiş olması müsbət məqamdı. Çatışmayan cəhətlərimiz də var. Fasilənin bitməsinə 10 gün qalıb. Bu müddətdə çatışmayan cəhətlərimiz üzərində çalışacağıq.

 

- Ən razı qaldığınız oyun hansı oldu?
- “MTK Budapeşt”lə oyun məni daha çox razı saldı. Məncə, bu qarşılaşma daha maraqlı alındı. Bundan başqa, “Tobol”la görüşün ilk 60 dəqiqəsində sərgilədiyimiz oyundan da razı qaldım.

 

- “Sabah” tərəfdarlarına mövsümün ikinci yarısında nə vəd edirsiz?
- Bizim əsas məqsədimiz gəncləri komandamıza qazandırmaqdı. Ancaq əlimizdən gələni edəcəyik ki, turnir cədvəlində də daha yüksək pillələrdə yer alaq.

Tarix: 23 Yanvar [00:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Noyabr 2019
20  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio